Martın 22-dən başlayaraq ölkə ərzisində hava kəskin dəyişib. Bəzi bölgələrdə yağıntının miqdarı artıb. Hətta bəzi rayonlara qar yağıb.
Son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub. Güclü duman müşahidə edildiyindən nəqliyyatın hərəkətində çətinliklər yaşanmaması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.
AzadMedia.az xəbər verir ki, martın 23-dən başlayaraq, Şamaxı rayonunun Çuxuryurd, Kirovka və Pirqulu-Dəmirçi qəsəbələrinə qar yağıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları qar çox yağan bölgələrdə fəaliyyətlərini davam etdirir.
“19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı AzadMedia.az-a açıqlamasında bildirib ki, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun qardan və buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib:
“Qarın hündürlüyü normadan çox olsa da, yolun hərəkət hissəsində ciddi problem qeydə alınmayıb. Bayram və istirahət günlərində bölgəyə axın edən yerli və xarici turistlərin rahat hərəkətini təmin etmək məqsədilə yol təmizləmə işləri fasiləsiz davam etdirilir”.
Axşam saatlarında qarın güclənəcəyi, havanın daha şaxtalı və dumanlı olacağı proqnozlaşdırılır. Bu səbəbdən sürücülərə, xüsusilə Şamaxı-Pirqulu-Dəmirçi yolunda hərəkət edənlərə diqqətli olmaları tövsiyə edilib. Bildirilib ki, sürət həddinə əməl etmək, qarlı və buzlu yollarda ehtiyatlı olmaq vacibdir.