Bakı, 26 noyabr 2025-ci il – Azərbaycan Dillər Universitetində “Gender Ədaləti və Təhlükəsizlik: İctimai Həssaslıq və Hüquqi Müdafiə” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində baş tutub.Dəyirmi masanın məqsədi qadınların hüquqlarının müdafiəsi, təhlükəsizlik mexanizmlərinin təbliği, hüquqi müdafiə alətlərinin praktiki izahı, eləcə də gənclər arasında gender bərabərliyi mədəniyyətinin inkişafı olub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universitetinin İngilis–Fransız Dilləri fakültəsinin dekanı, dosent
Vəfa Babaeva açaraq gender ədalətinin müasir cəmiyyət üçün strateji əhəmiyyətini vurğulayıb. Ardınca Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Qadın Vəkil Alyansının sədri
Dilarə Əfrasiyabova çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasında insan hüquqlarının təminatı, təhlükəsizlik və müdafiə hüququ barədə danışıb. O, zorakılıq anlayışının hüquqi baxımdan tərifini verərək qeyd edib ki, hər hansı zorakılıq halında hüquqi müdafiə mexanizmləri Konstitusiya və müvafiq qanunlarla qorunur.
Panelin davamında "Mərkəz" Vəkil Bürosunun müdiri, Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, Vəkillər Kollegiyasının Qadın Vəkil Alyansının üzvü, vəkil
Gülşən Salmanova çıxış edərək qadınların hüquqlarının müdafiəsi üzrə məhkəmə prosesləri, müdafiə orderlərinin tətbiqi, məhkəmə müdafiəsi prosedurları və zorakılıq qurbanlarının hüquqi təmsilçiliyi haqqında praktiki məlumatlar verib. Salmanova real işlər üzərindən qadın hüquqlarının pozulduğu halları misal göstərərək zorakılıq qurbanlarının hüquqlarının qorunmasında düzgün hüquqi strategiyaların vacibliyini vurğulayıb.
Panel müzakirədə “Gender Ədaləti və Hüquqi Təhlükəsizlik” mövzusunda aşağıdakı təqdimatlar edilib:
•
Kəmalə Aşumova – “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri
Mövzu: “Gender əsaslı zorakılığın qarşısında vətəndaş cəmiyyəti institutlarının rolu və gənclərin iştirakı”
Çıxışında Aşumova qeyd edib ki, gender əsaslı zorakılıq yalnız fərdi problem deyil, cəmiyyətin ümumi məsuliyyətidir. O, 13 ildən artıqdır zorakılıq qurbanlarına xidmət göstərən Qadın və Uşaqlar üçün Qaynar Xəttin rolundan danışaraq zorakılığın qarşısında susmamağın, xüsusilə gənclərin aktiv mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.
“Gənclər və tələbələr passiv müşahidəçi olmamalı, sosial ədalət və təhlükəsizlik naminə fəal iştirakçıya çevrilməlidirlər” – deyə o bildirib.
Bundan əlavə, tədbirdə insan hüquqlarının müdafiəsində ixtisaslaşmış vəkillər və Qadın Vəkil Alyansının nümayəndələri çıxış edərək praktik hüquqi hallar əsasında qadın hüquqlarının pozulması, məişət zorakılığına gətirib çıxaran gender ayrı-seçkiliyi, zorakılığın uşaqların psixoloji təhlükəsizliyinə təsiri və zorakılıq qurbanları üçün mühafizə orderlərinin tətbiqinin zəruriliyini izah ediblər. Mütəxəssislər bu orderlərin düzgün tətbiqi, hüquqi prosedur və məhkəmə icraatında müdafiə strategiyalarını tələbələrlə bölüşüblər.
Panelin ardından tələbələrlə açıq dialoq əsasında sual-cavab sessiyası keçirilib. Real praktiki işlər müzakirə olunub, stereotiplər üzrə maarifləndirmə aparılıb. Tədbir çərçivəsində maarifləndirici videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkilib.
Dəyirmi masa gənclər arasında hüquqi maarifləndirməni gücləndirərək qadın hüquqlarının müdafiəsi, zorakılığın qarşısının alınması və cəmiyyətin sosial məsuliyyətinin artırılmasına mühüm töhfə verib.









