Azadmedia.az xəbər verir ki, bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) media nümayəndələri üçün keçirdiyi təlimdə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığortanın tətbiqi ilə bağlı son statistik məlumatları açıqlayıb.
Onun sözlərinə görə, cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb. Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Əhmədova bildirib ki, bu rəqəmlər həm xidmət yükünün artdığını, həm də vətəndaşların sistemə olan etimadının yüksəldiyini göstərir.
Ötən ilin eyni dövrü ilə müqayisədə də artım qeydə alınıb: müraciətlərin sayında 4%, tibbi xidmətlərin sayında isə 12% artım müşahidə olunub. Bununla yanaşı, əməliyyat və prosedurların sayında da 5% artım baş verib ki, bu da tibbi xidmətlərin əlçatanlığının yüksəldiyini təsdiqləyir.
Aynurə Əhmədova dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatların ginekoloji, uroloji və oftalmoloji sahələr üzrə olduğunu diqqətə çatdırıb.
Əməliyyatların ən çox yerinə yetirildiyi tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası ilk sıralarda yer alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.