Bu gün Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxış edərək ölkədə icbari tibbi sığortanın rolundan və vacibliyindən danışıb.
H.İbrahimli bildirib ki, icbari tibbi sığorta tibbi xidmətlərə çıxışı təmin edən mühüm sosial təminat mexanizmidir. Onun sözlərinə görə, ixtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşlara daha geniş spektrdə tibbi yardım almağa imkan yaradır.
O vurğulayıb ki, əsas məqsəd yalnız xidmətlərin çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir.
Hikmət İbrahimlinin sözlərinə görə:
“İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir. Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsası vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır.”
Təlim çərçivəsində vurğulanan bu fikirlər icbari tibbi sığortanın həm vətəndaş məmnunluğunu, həm də ölkədə tibbi xidmətlərin keyfiyyətini artırmaq istiqamətində əhəmiyyətli rol oynadığını göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.