TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr ayları üzrə müraciət dinamikası ölkədə səhiyyə xidmətlərinə artan tələbatı göstərir. Bu müddətdə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 tibbi xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub. Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Gəncədə media nümayəndələri üçün keçirilən təlimdə məlumat verib.
Z.Ədilovanın sözlərinə görə, hazırda TƏBİB tərəfindən xidmətlərin əlçatanlığı və keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılır. O bildirib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə genişmiqyaslı institusional işlər həyata keçirilir və bu çərçivədə “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb.
Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir. Bu tədbirlərdən biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir. Layihə güclü ilkin tibbi-sanitariya yardımının qurulmasına, profilaktika və sağlamlaşdırıcı tədbirlərin gücləndirilməsinə, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına xidmət edir. Artıq layihənin pilot icrasına Bərdə rayonunda başlanılıb.
Departament rəhbəri həmçinin regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafının TƏBİB-in əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi” 2030-cu ilə qədər nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin ölkənin müxtəlif bölgələrində əlçatanlığının artırılmasını nəzərdə tutur. Eyni zamanda regionlara ixtisaslı kadrların cəlbi və davamlı tibbi təhsil proqramlarının tətbiqi də hədəflənir.
Z.Ədilova bildirib ki, layihə ÜST və BMT-nin dəstəyi ilə təsis edilən “Qlobal Cərrahiyyə 2030” Lanset Komissiyasının hədəflərinə uyğun şəkildə həyata keçirilir. Yol xəritəsinə görə, 2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə 90-dan çox prosedura çıxış təmin olunacaq.
Bundan əlavə, 2030-cu ildən etibarən TƏBİB mərkəzlərində neyrocərrahiyyə, ürək cərrahiyyəsi, protezləmə, bariatrik əməliyyatlar kimi yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin təşkili planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.