Ölkədə oktyabrın 10-da açıq elan olunan ov mövsümü rəsmi olaraq başa çatıb. Artıq bu gündən etibarən ölkə ərazisində ov etmək qadağandır.
Bu barədə məlumatı Bioloji Müxtəlifliyin Qorunması Xidməti yayıb. Qurumdan bildirilib ki, aparılan mütəmadi müşahidələr və ekspert qiymətləndirmələri ov mövsümünün məhdudlaşdırılmasını zəruri edib.
Xidmətin açıqlamasına görə, son illər qlobal iqlim dəyişiklikləri Azərbaycanın fauna aləminə ciddi təsir göstərib. Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində quşların ənənəvi toplaşma, istirahət, qışlama və yuvalama məkanları, eləcə də bəzi növlərin miqrasiya marşrutları dəyişib.
Qurum bildirir ki, hazırda təbiətdə gedən proseslər yaxından izlənilir və monitorinq nəticələrinə uyğun olaraq ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq.
Xidmət vətəndaşlara çağırış edərək, mövsüm bağlı olduğu müddətdə qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və qanunsuz ov hallarına yol verməməyi xahiş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.