“Qudalar Agentliyi” kimi tanınan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Rafiq Aslanovun oğlu Afiq Aslanovun Londondakı maliyyə problemləri gündəmə gəlib.
Məlumata görə, Afiq Aslanov atasının Londonda onun üçün aldığı evi girov qoyaraq yüksək məbləğdə kredit götürüb. O, 27 avqust tarixində İngiltərənin MT FINANCE LIMITED şirkətindən 10,2 faizlə, bir il müddətinə geri qaytarmaq şərtilə 235 min 950 funt sterlinq (təxminən 530 min manat) borc alıb. Qeyd edilən kredit Egham şəhərində yerləşən 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov ilə təmin edilib.
Afiq Aslanovun biznes fəaliyyətində də vəziyyət yaxşı görünmür. 2 dekabr tarixində Londonda ona məxsus bahalı avtomobillərin icarəsi ilə məşğul olan PERFOCARS LIMITED şirkəti rəsmi şəkildə fəaliyyətini dayandırıb. Bununla yanaşı, onun 2016-cı ildən fəaliyyət göstərən digər şirkəti – G.V.B Ltd., Harrow barəsində “Petitions to Wind Up (Companies)” – yəni şirkətin məcburi şəkildə ləğvi üçün məhkəmə iddiası qaldırıldığı bildirilir.
Bu hadisələrin ard-arda baş verməsi Afiq Aslanovun ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini deməyə əsas verir. Yüksək faizli kredit, şirkətlərin bağlanması və satışa çıxarılan avtomobillər suallar yaradır.
Görəsən, su idarəçiliyi ilə məşğul olan qurumun rəhbər şəxslərindən birinin oğlu bu yüksək borcu bir ilə necə qaytara biləcək?
Sosial mediada yayılan bu məlumatların mənbəyi xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənlidir.
Qeyd edək ki, “Qudalar Agentliyi” ifadəsi Dövlət Su Ehtiyatları Agentliyinin qeyri-rəsmi adıdır və quruma Zaur Mikayılov rəhbərlik edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.