TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi təlimdə dərman təminatı ilə bağlı 2025-ci ildən tətbiq olunacaq yeniliklər təqdim olunub. Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib ki, proses tam şəffaf, sistemli və vətəndaş üçün maksimum rahat şəkildə qurulacaq.
Dərmanın alınması prosesi sadələşdirilir
Vətəndaş qeydiyyatçı vasitəsilə həkim qəbuluna yönləndirilir, müayinə və diaqnozdan sonra lazım gəldikdə “E-Resept” sistemi ilə resept yazılır. Pasiyent reseptlə Agentliklə müqaviləsi olan aptekə yaxınlaşır və şəxsiyyət vəsiqəsini təqdim edərək dərmanını alır.
Apteklərin təqdim etdiyi hesabatların ekspertizası aparıldıqdan sonra ödənişlər icbari tibbi sığorta fondu tərəfindən həyata keçiriləcək.
Pozitiv siyahı – dərmanların seçimi üçün yeni meyarlar
Dərmanların pozitiv siyahıya daxil edilməsi təqdim olunmuş sənədlərin xüsusi meyarlara uyğunluğu əsasında qiymətləndirilir. Siyahı hər rübdə bir dəfə yenilənəcək.
Baxılma müddətləri:
ilkin yoxlama – 15 iş günü,
əsas baxış – 90 iş günü,
dəyişiklik müraciətləri – 30 iş günü.
Özəl apteklərlə yeni əməkdaşlıq
Ambulator dərman təminatı çərçivəsində özəl apteklərlə könüllü əməkdaşlıq modeli yaradılır. Lisenziyası və sertifikatlı əczaçı heyəti olan apteklər Agentliklə müqavilə bağlayaraq prosesə qoşula biləcəklər.
100%-lik kompensasiya – real dəstək
Pozitiv siyahıdakı dərmanların şərti kompensasiya məbləği eyni təsiredici maddəli dərmanlar arasında ən ucuz variantın qiyməti əsas götürülərək hesablanacaq.
Bu məbləğin tamı – 100%-i Agentlik tərəfindən ödəniləcək.
Nümunə üçün deyək ki, eyni təsiredici maddəli dərmanların qiyməti 12 AZN, 15 AZN və 18 AZN-dirsə, kompensasiya 12 AZN olaraq müəyyən edilir və tam ödənilir.
Yeni model dərmanların əlçatanlığını artıracaq, qiymətlərdə şəffaflıq yaradacaq və əczaçılıq sektorunda rəqabəti gücləndirəcək. Vətəndaş üçün isə dərman təminatı əvvəlkindən daha rahat, daha aydın və daha sərfəli olacaq.