Nazim Eynallı
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisiBu tarix Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edildiyi, onun dövlətimiz və millətimiz qarşısındakı misilsiz xidmətlərinin dəyərləndirildiyi gündür. Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda müstəqilliyimizin yenidən bərpasının memarı, xalqımızı ağır sınaqlardan çıxaran tariximizin ən böyük şəxsiyyətlərindən biridir.
Heydər Əliyev XX əsrin ən nüfuzlu dövlət xadimlərindən biri kimi təkcə Azərbaycanın deyil, bütün regionun siyasi həyatına təsir göstərmiş şəxsiyyətdir. Onun fəaliyyətinin əsas mahiyyəti güclü dövlət quruculuğu, inkişaf etmiş iqtisadiyyat, sabitlik və milli birliyin təmin edilməsi idi. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi təlatümlər, siyasi böhran, separatçılıq cəhdləri məhz onun uzaqgörənliyi və qətiyyəti sayəsində aradan qaldırıldı.
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə siyasi sabitlik təmin olundu, iqtisadi islahatlara başlandı, "Əsrin Müqaviləsi” imzalandı, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi formalaşdı. Ordu quruculuğunda mühüm addımlar atıldı.
Bu dövr müasir Azərbaycanın təməlinin qoyulduğu mərhələ kimi tarixə düşdü.
Bu gün müstəqil Azərbaycanın dinamik inkişafı, qlobal təşəbbüslərə qoşulması, regional güc kimi mövqeyinin möhkəmlənməsi məhz Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik kursunun davamı nəticəsində mümkün olur. Onun siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hər sahədə yeni nailiyyətlər əldə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.