İşğaldan azad olunmuş ərazilərdə əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin edilməsi məqsədilə səhiyyə infrastrukturunun qurulması istiqamətində ardıcıl və sistemli tədbirlər görülür. Hazırda Qarabağ regional TƏB üzrə Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, həmçinin Xankəndi poliklinikası daxil olmaqla ümumilikdə 6 tibb müəssisəsində ixtisaslı tibbi xidmətlər göstərilir.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, Şuşa Modul Tipli Xəstəxanasında 35 449 müraciət əsasında 55 408 tibbi xidmət göstərilib. Xankəndi xəstəxanasında 37 782 müraciət üzrə 44 982 tibbi xidmət, Zəngilan Modul Tipli Xəstəxanasında isə 4 458 müraciət üzrə eyni sayda tibbi xidmət icra olunub.
V.Qurbanov qeyd edib ki, Ağdərə Xəstəxanasına 669 müraciət daxil olub və müraciətlərin hamısı üzrə tibbi xidmət göstərilib. Laçın Rayon Mərkəzi Xəstəxanasında isə 29 895 müraciət əsasında 62 539 tibbi xidmət həyata keçirilib.
İcraçı direktor əlavə edib ki, bölgədə səhiyyə xidmətlərinin daha da gücləndirilməsi məqsədilə bir sıra yeni layihələrin icrası planlaşdırılır. Belə ki, 90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin yaradılması, KT və MRT avadanlıqları ilə təchiz ediləcək 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının inşası nəzərdə tutulur.
Bununla yanaşı, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyüklər üçün poliklinikaların, Xocalı rayonunda isə müasir tələblərə cavab verən uşaq və böyüklər poliklinikasının yaradılması planlaşdırılır.
V.Qurbanov vurğulayıb ki, həyata keçirilən bu layihələr işğaldan azad olunmuş ərazilərdə dayanıqlı səhiyyə infrastrukturunun formalaşdırılmasına, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və bölgədə məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.