Ceyhun Məmmədov,
Milli Məclisin deputatı Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin gücünün ildən-ilə artması idmanımızın inkişafına da müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
Biz cənab prezidentin həyata keçirdiyi siyasətə baxsaq, ədalət prinsipinin əsas yer tutduğunu görürük. Həm ölkəmizə qarşı ədalətsizliyə, həm dünyadakı ədalətsizliyə qarşı cənab prezident öz mövqeyini ortaya qoyub.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bununla qürur duyuruq. Eyni zamanda bu qələbə hər bir Azərbaycan gənci üçün stimul olmalıdır. Biz döyüş meydanındakı qələbəmizi idmanda da, təhsildə də davam etdirməliyik. Bizim qalib xalq olduğumuzu artıq bütün dünya qəbul edir.
Bu gün Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edir. Hesab edirəm ki, cənab prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Cənab prezidentin bu cür tədbirlərdə iştirakı və idmançıları mükafatlandırması bu baxımdan önəm daşıyır.
İdmançıların və idman mütəxəssislərinin mükafatlandırılması cənab Prezidentimizin də söylədiyi kimi artıq bir ənənəyə çevrilib. Şübhəsiz ki, Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər. Əminik ki, idmançılarımız dövlət başçımızın idmana görə yaratdığı bu şəraiti layiqli qiymətləndirərək yaxşı nəticələr göstərəcəklər.
Azərbaycanda bir çox mötəbər Avropa Oyunları keçirilmişdir. İslam Həmrəylik oyunlarına, COP29 beynəlxalq iqlim konfransına da Azərbaycanın necə yüksək səviyyədə ev sahibliyi etməsinə bütün dünya şahid oldu.
Bu il daha bir önəmli hadisə baş verdi. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçildi və bu da çox böyük hadisədir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu da təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Prezident -İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.