Azərbaycan dövləti üçün Vətən müharibəsi şəhidlərinin xatirəsi müqəddəsdir. Bu müqəddəsliyin qorunması, şəhid ailələrinə daim diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Çünki torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və xalqımızın qüruru məhz şəhidlərimizin canı və qanı bahasına təmin olunub.
Bu mənəvi dəyərlərin bariz nümunəsi kimi Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun və rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevin Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin ailəsinə baş çəkməsi xüsusi qeyd olunmalıdır. Rayon rəhbərliyi şəhidimizin atası Mətləb Səmidlini ziyarət edərək onunla səmimi söhbət aparıb, qayğı və ehtiramını ifadə edib.
Ziyarət zamanı Orxan Mürsəlov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbriklərini çatdırıb, şəhid ailələrinin hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirilib ki, şəhidlərimizin ailələrinə göstərilən qayğı yalnız rəsmi münasibət deyil, həm də xalqımızın mənəvi borcudur. Bu ailələr Azərbaycan xalqının qürur mənbəyidir və onların hər bir üzvü böyük ehtiramla yad edilir.
Polis Şöbəsinin rəisi Müqalib Abdıyev də öz növbəsində şəhid ailələrinə göstərilən diqqətin bundan sonra da davam edəcəyini qeyd edib, Babək Səmidlinin Vətən qarşısında göstərdiyi xidmətlərin heç zaman unudulmayacağını bildirib. Onun sözlərinə görə, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir və bu örnək daim yaşadılmalıdır.
Şəhid atası Mətləb Səmidli göstərilən diqqət və qayğıya görə razılığını ifadə edərək, dövlətin və rayon rəhbərliyinin bu cür ziyarətlərinin ailələr üçün böyük mənəvi dayaq olduğunu qeyd edib. O, oğlunun Vətən yolunda şəhid olmasından qürur duyduğunu, Azərbaycan dövlətinin bu fədakarlığı yüksək qiymətləndirməsinin təsəlli verdiyini bildirib.
Bu cür görüşlər bir daha göstərir ki, şəhid ailələrinə diqqət və qayğı təkcə bayram günlərində deyil, hər zaman davam etdirilən ardıcıl və prinsipial siyasətdir. Göyçayda həyata keçirilən bu addım da dövlət–vətəndaş birliyinin, milli həmrəyliyin və şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın bariz ifadəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.