QHT nümayəndələrinin dövlət təltiflərinə təqdim olunması ilə bağlı QHT Agentliyinə səlahiyyət verilib
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərmanla Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin səlahiyyətləri genişləndirilib.
QHT.az xəbər veri ki, Fərmana əsasən, Agentliyin Nizamnaməsinin 3.2.13-cü yarımbəndinə dəyişiklik edilib. Belə ki, “əməkdaşlarını” sözündən sonra “və qeyri-hökumət təşkilatlarının nümayəndələrini” sözləri əlavə olunub, həmçinin həmin yarımbənddə yer alan “onların” sözü “habelə Agentlik əməkdaşlarının” sözləri ilə əvəz edilib.
Yenilənmiş redaksiyaya əsasən, 3.2.13-cü yarımbənd aşağıdakı kimi müəyyənləşdirilib:
- əməkdaşlarını, qeyri-hökumət təşkilatlarının nümayəndələrini dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, Agentlik əməkdaşlarının həvəsləndirilməsi üçün tədbirlər görmək.
Beləliklə, edilən dəyişikliklə Agentliyin yalnız öz əməkdaşlarını deyil, eyni zamanda QHT nümayəndələrini də dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək səlahiyyəti rəsmən təsbit olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.