Davamlı sülh yalnız rəsmi danışıqlar masasında formalaşmır. Bu prosesin ən vacib dayaqlarından biri də vətəndaş cəmiyyətidir. Məhz bu yanaşmadan çıxış edərək “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqun nəticələri ictimaiyyətlə bölüşülüb və geniş müzakirəyə çıxarılıb.
İctimai müzakirənin əsas məqsədi indiyədək aparılmış dialoqun nəticələrini Azərbaycan cəmiyyətinə təqdim etmək, mövcud sülh mühitini açıq şəkildə dəyərləndirmək və gələcək üçün real, işlək mexanizmlər formalaşdırmaq olub. Tədbirdə vurğulanıb ki, uzunmüddətli və dayanıqlı sülh yalnız siyasi qərarlarla deyil, cəmiyyətlərin qarşılıqlı anlayışı və etimadı üzərində qurula bilər.
Müzakirələr zamanı vətəndaş cəmiyyəti institutlarının sülh gündəliyinə daha sistemli şəkildə cəlb olunması yolları diqqət mərkəzində saxlanılıb. İctimai kommunikasiya, etimad quruculuğu mexanizmləri, eləcə də ekspert dairələri, QHT-lər və media arasında əməkdaşlığın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar sülh təşəbbüslərinin yalnız müzakirə səviyyəsində qalmamasının, praktik addımlarla dəstəklənməsinin vacibliyini xüsusi qeyd ediblər.
Tədbirdə həmçinin gələcək sülh təşəbbüsləri üçün konkret və tətbiq oluna bilən tövsiyələrin toplanması nəzərdə tutulub. Bu tövsiyələrin vətəndaş cəmiyyətinin sülh prosesində rolunun daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
İctimai müzakirədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ictimai xadimlər, sülh və münaqişələrin həlli üzrə ekspertlər, eləcə də media təmsilçiləri iştirak ediblər. Fikir müxtəlifliyi və açıq dialoq mühitinin tədbirin əsas üstünlüklərindən biri olduğu vurğulanıb.
Müzakirə Azərbaycan Milli QHT Forumu, AUSD İB – Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Tədbir bir daha göstərdi ki, sülh yalnız siyasi iradə deyil, eyni zamanda cəmiyyətlərin birgə məsuliyyəti və fəal iştirakı ilə mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.