İnsult beyin qan dövranının qəfil pozulması nəticəsində yaranan, həyati təhlükə yaradan ağır xəstəliklərdən biridir. Bu səbəbdən vaxtında diaqnostika və düzgün müalicə xüsusi əhəmiyyət daşıyır.
İnsult şübhəsi olan şəxslərdə həkim müayinəsi, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiya (MRT), angioqrafiya, EKQ, ürək müayinələri və laborator analizlər aparılır. Müayinələr insultun növünü müəyyənləşdirməyə və müalicə taktikasını düzgün seçməyə imkan verir.
Zəruri hallarda pasiyent stasionar müalicəyə cəlb olunur, sonrakı mərhələdə isə fizioterapiya və reabilitasiya xidmətləri göstərilir. Bütün bu müayinə və müalicə tədbirləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
Xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.
Mütəxəssislər xatırladır ki, üzün bir tərəfində sallanma, nitqin pozulması, qol və ya ayaqda qəfil zəiflik, şiddətli baş ağrısı və başgicəllənmə insultun əsas əlamətləri sayılır. Belə hallarda dərhal həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.