Son günlər ölkənin informasiya məkanında narahatedici bir tendensiya müşahidə olunur. Bəzi media orqanları yenidən millət vəkili Ülvi Quliyevi hədəf seçərək, onun illər ərzində formalaşmış ictimai nüfuzuna xələl gətirməyə çalışırlar. Bu cəhdlər nə təsadüfidir, nə də sıradan informasiya yayımıdır.
Açıq-aydın görünür ki, məqsəd cəmiyyətdə hörmət qazanan, fəaliyyəti ilə seçilən bir insanın imicini ləkələmək, onun adını süni qalmaqalların mərkəzinə çəkməkdir.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu yazılarda nə fakt var, nə obyektivlik, nə də peşəkar yanaşma var. Əksinə, həqiqətə və reallığa uyğun olmayan, qarayaxma, şər və böhtan xarakterli məlumatlar tirajlanır. “Milçəkdən fil düzəltmək” deyimi sanki bu yazılar üçün xüsusi olaraq yaradılıb. Ən xırda, ən əhəmiyyətsiz detal belə qəsdən şişirdilir, kontekstdən çıxarılır və cəmiyyətə elə təqdim olunur ki, oxucu hadisənin mahiyyətini deyil, müəllifin istədiyi emosiyanı qəbul etməyə məcbur qalır. Belə materialları oxuduqda insan sadəcə təəccüblənmir, bəzən dəhşətə gəlir: görəsən, informasiya daşıyıcısı olmaq bu qədər məsuliyyətsiz yanaşmanı necə qəbul edə bilər?
Bu qarayaxma kampaniyasının arxasında hansı niyyətlərin və maraqların dayandığı isə hər kəsə bəllidir. Burada söhbət nə ictimai maraqdan, nə də şəffaflıqdan gedir. Söhbət dar çevrələrin şəxsi və korporativ maraqlarından, kimlərinsə sifarişini yerinə yetirməkdən gedir. Son günlər Ülvi Quliyevlə bağlı gündəmə gətirilən qol saatı məsələsi də məhz bu çirkin kampaniyanın tərkib hissəsidir. Cəmiyyət üçün heç bir əhəmiyyət daşımayan bir detal süni şəkildə şişirdilərək, guya “böyük problem” kimi təqdim olunur. Halbuki bu yanaşma jurnalistikanın mahiyyətinə ziddir və yalnız manipulyasiya məqsədi daşıyır.
Bu cür hərəkətlər nə insanlığa, nə vicdana, nə də jurnalist etikasına başucalığı gətirir. Əksinə, bu addımlar medianın öz imicinə ağır zərbə vurur, mətbuata olan inamı zəiflədir. Media cəmiyyətin güzgüsü olmalıdır, qərəzin, sifarişin və böhtanın tribunasına çevrilməməlidir. Təəssüf ki, bəzi dairələr bunu unudaraq, jurnalistikanı şəxsi maraqların alətinə çevirirlər.
Millət vəkili Ülvi Quliyevi yaxından tanıyanlar isə çox gözəl bilirlər ki, onun fəaliyyəti bu cür ucuz ittihamlarla ölçülə bilməz. O, ziyalı düşüncəyə malik, vətənpərvər, dövlətinə və millətinə sədaqətlə xidmət edən bir şəxsiyyətdir. Onun siyasi və ictimai fəaliyyəti səs-küylü bəyanatlarla deyil, konkret əməllərlə müşayiət olunur. Ülvi Quliyev “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə sadiq qalaraq, gördüyü işləri reklam etməyi deyil, nəticə əldə etməyi üstün tutur. O, insanlara kömək etməyi, dövlətə və xalqa xidmət göstərməyi şəxsi üstünlük kimi deyil, vətəndaşlıq və insanlıq borcu kimi qəbul edir.
Ona etibar edilən bütün vəzifələri layiqincə yerinə yetirməsi, məsuliyyətli və prinsipial mövqeyi də məhz bu düşüncə tərzindən qaynaqlanır. Belə insanları süni qalmaqallarla gözdən salmağa çalışmaq əslində cəmiyyətin öz dəyərlərinə zərbə vurmaq deməkdir. Çünki bu gün Azərbaycan cəmiyyətinin ən çox ehtiyac duyduğu məhz dürüst, səssiz, amma səmərəli çalışan, dövlətin və millətin gələcəyini şəxsi ambisiyalarından üstün tutan insanlardır.
Son olaraq onu qeyd etmək olar ki, qarayaxma ilə həqiqəti ört-basdır etmək mümkün deyil. Zaman hər şeyi yerinə qoyur. Ülvi Quliyev kimi şəxsiyyətlərin fəaliyyəti böhtanla deyil, gördüyü işlərlə, xalqa və dövlətə verdiyi töhfələrlə qiymətləndirilir.
Sonda onu da qeyd etmək istərim ki, nəticədə istər mediada təmsil olunanlar, istərsə də kənarda olanlar bu cür cılız hərəkətlərlə heç nəyə nail ola bilməycəklər. Həyatda hər bir hərəkətin, əməlin bir bumeranq effekti var və sonda etdiyin yaxşı və ya pis əməlin bəhrəsini dadmalı olursan.