Reddit platformasında otto-mate ləqəbi ilə tanınan istifadəçi Apple Store-a müraciətinin gözlənilməz nəticəsi ilə bağlı maraqlı hadisəni paylaşıb. Belə ki, köhnə noutbukunun batareyasını dəyişdirmək istəyən müştəriyə şirkət tərəfindən pulsuz şəkildə yeni 16 düymlük MacBook Pro M4 Max təqdim edilib.
Müraciətə səbəb 2018-ci il istehsalı olan 15 düymlük MacBook Pro-da batareyanın dəyişdirilməsi ilə bağlı sistem xəbərdarlığı olub. İstifadəçi əvvəlcə qeyri-rəsmi servislərdən birinə üz tutsa da, Apple-ın rəsmi servis mərkəzi daha münasib şərtlərlə batareya dəyişikliyi təklif edib. Diaqnostikadan sonra ehtiyat hissələri sifariş olunub və təmirin təxminən bir həftə çəkəcəyi bildirilib.
Lakin proses uzanıb. İki həftə sonra istifadəçiyə noutbukun servis zamanı tam sıradan çıxdığı bildirilib. Qurğunu bərpa etmək məqsədilə iki fərqli ehtiyat hissələri dəsti tətbiq olunsa da, nəticə əldə olunmayıb. Bu səbəbdən Apple müştəriyə kompensasiya olaraq xüsusiyyətlərinə maksimum yaxın olan yeni cihazla əvəzləmə təklif edib.
İstifadəçinin sözlərinə görə, o, bərpa olunmuş MacBook alacağını gözləsə də, nəticədə tamamilə yeni, ən güclü modellərdən biri sayılan 16 düymlük MacBook Pro Apple M4 Max ilə təmin olunub. Bildirilir ki, təqdim edilən cihaz 16 nüvəli prosessor, 48 GB operativ yaddaş və 2 TB yaddaş tutumuna malik flaqman versiyadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.