Apple məhsullarının əsas yığma tərəfdaşlarından biri olan Çinin Luxshare şirkəti genişmiqyaslı kiberhücuma məruz qalıb. Hücum nəticəsində Apple cihazlarının hazırlanması və istehsalı ilə bağlı 1 terabaytdan artıq məxfi məlumatın oğurlandığı ehtimal olunur. Bu barədə MacRumors nəşri məlumat yayıb.
Məlumata görə, kiberhücum hələ 2025-ci ilin dekabrında baş versə də, zərərçəkən şirkətin adı və hadisənin real miqyası uzun müddət açıqlanmayıb. İndi isə hücumun məsuliyyətini RansomHub adlı haker qruplaşması öz üzərinə götürüb. Qrup “darknet”də yerləşdirdiyi açıqlamada Luxshare-in daxili sistemlərini şifrələdiyini və Apple-a, eləcə də digər iri müştərilərə məxsus böyük həcmdə məlumatı ələ keçirdiyini iddia edib.
Hakerlərin sözlərinə görə, oğurlanan arxivlərdə mühəndislik və istehsalat sənədləri, 3D CAD modelləri, texniki çertyojlar, çap platalarının sxemləri, layihə sənədləri və daxili texniki fayllar yer alır. Bildirilir ki, məlumatların bir hissəsi Apple-ın hazırkı və gələcək məhsulları ilə bağlıdır və 2019–2025-ci illəri əhatə edir. Sızmada digər texnologiya və sənaye şirkətlərinə aid məlumatların da olduğu iddia olunur.
Cybernews tədqiqatçıları yayımlanan məlumat nümunələrini araşdırdıqlarını və Luxshare-in Apple layihələri ilə bağlı real daxili sənədlərinə bənzədiyini açıqlayıblar. Fayllarda məxfi təmir prosedurları, logistika zəncirləri, şirkətlərarası əməkdaşlıq mexanizmləri və istehsalatda istifadə olunan texniki məlumatlar yer alır. Bundan əlavə, layihələrdə iştirak edən əməkdaşlara aid ad, vəzifə və işgüzar e-poçt ünvanları kimi şəxsi məlumatların da sızdığı ehtimal edilir.
Mütəxəssislər bildirir ki, bu cür məlumat sızması revers mühəndislik, saxta məhsul istehsalı, aparat və proqram təminatına yönəlik hədəfli hücumlar, eləcə də Apple tərəfdaşlarına qarşı fişinq risklərini artırır.
Qeyd edək ki, xəbərin dərc edildiyi vaxta qədər nə Apple, nə də Luxshare kiberhücum və məlumat sızması ilə bağlı rəsmi açıqlama verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.