Son illər rəqəmsal platformaların sürətlə genişlənməsi internet məkanında həm imkanları, həm də riskləri artırıb. Sosial şəbəkələr, onlayn xidmətlər və elektron dövlət sistemləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrildikcə, bu sahənin hüquqi tənzimlənməsi də zərurətə çevrilir. Məhz bu kontekstdə ölkə Prezidentinin rəqəmsal sahə ilə bağlı imzaladığı 4 fərman və 1 qanun cəmiyyətin diqqət mərkəzinə düşüb.
Qəbul edilən qərarlar bir tərəfdən dövlət xidmətlərinin daha çevik və şəffaf şəkildə təşkili məqsədi daşıyırsa, digər tərəfdən internet məkanında uzun müddət mübahisə doğuran qeyri-etik və qanunsuz fəaliyyətlərə qarşı konkret hüquqi mexanizmlər yaradır. Bu addımlar Azərbaycanın rəqəmsal mühitdə yeni və daha ciddi mərhələyə keçdiyini göstərir.
Məsələ ilə bağlı İKT mütəxəssisi Elvin Abbasov sosial media hesabında bildirir ki, imzalanan sənədlər rəqəmsal mühitin həm təhlükəsizliyini, həm də funksionallığını artırmağa xidmət edir:
“Prezidentin bu gün rəqəmsal sahə ilə bağlı imzaladığı 4 fərman və 1 qanun ölkəmizin rəqəmsal mühitini daha səmərəli və eyni zamanda daha təhlükəsiz etməyi hədəfləyir. Bu qərarlar dövlət xidmətlərində şəffaflığı artırmaqla yanaşı, internet məkanında mövcud olan mənfi hallara qarşı konkret hüquqi əsaslar yaradır.”
Mütəxəssis xüsusilə İnzibati Xətalar Məcəlləsinin 524.2-ci maddəsinə edilən dəyişikliklərin əhəmiyyətini vurğulayır. Onun sözlərinə görə, artıq internet resursları və sosial media platformaları üzərindən fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsi və bu məqsədlə sövdələşmələrin aparılması inzibati məsuliyyət yaradır:
“Bu dəyişiklik onu göstərir ki, kiber-məkan hüquqi boşluq olan zona deyil. Dövlət rəqəmsal mühitdə etik və hüquqi normaların qorunması üçün nəzarət mexanizmlərini gücləndirir.”Elvin Abbasovun fikrincə, imzalanan fərmanlar eyni zamanda dövlət qurumlarının rəqəmsal bazalarının tam inteqrasiyasını təmin edərək vətəndaşların xidmətlərə daha sürətli, ‘vahid pəncərə’ prinsipi ilə çıxışını mümkün edəcək. Bu isə sənəd dövriyyəsinin azalmasına, vaxt itkisinin minimuma endirilməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
Mütəxəssis hesab edir ki, atılan bu addımlar rəqəmsal mühitdə həm qanunçuluğun, həm də kibertəhlükəsizliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır və uzunmüddətli perspektivdə cəmiyyət üçün müsbət nəticələr verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.