Akademik İbrahim Cəfərov,
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğının, onların cəmiyyətin və dövlətin inkişafında oynadığı mühüm rolun təntənəsidir. Bu əlamətdar gün Azərbaycan gəncliyinin potensialına olan inamın, eyni zamanda dövlətin gələcəyini məhz gənclərlə bağlayan siyasi iradənin rəmzidir. Bu siyasi xəttin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın bu günü və sabahı adlandırır, onların milli-mənəvi dəyərlərə sadiq, müasir dünyagörüşlü və vətənpərvər ruhda yetişdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edirdi. Məhz onun təşəbbüsü ilə 1997-ci ildə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərə göstərilən etimadın və diqqətin institusional ifadəsi oldu. Bu qərar gənclərin ictimai-siyasi həyatda fəal iştirakına, cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə geniş imkanlar yaratdı.
Ulu Öndərin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev gənclər siyasətini dövlətin strateji prioriteti kimi müəyyən edərək, onların təhsilinə, məşğulluğuna, innovativ düşüncə tərzinə və liderlik keyfiyyətlərinin formalaşmasına xüsusi önəm verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən proqramlar Azərbaycan gəncliyinin intellektual və peşəkar potensialının yüksəlməsinə xidmət edir.
Bu siyasətin ən parlaq və tarixi nəticələrindən biri Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq oldu. Məhz gənclərimizin şücaəti, vətənpərvərliyi və Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız gənclərin Vətənə sədaqətinin, Ulu Öndərin illər öncə formalaşdırdığı milli ruhun və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təcəssümüdür.
Bu gün Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, həm də quruculuq prosesində fəallıq göstərir. Azad edilmiş ərazilərin bərpasında, sosial-iqtisadi inkişaf layihələrində, könüllülük hərəkatlarında və dövlət proqramlarının icrasında gənclərin fəal iştirakı onların ölkənin gələcəyinə verdiyi töhfənin göstəricisidir. Bu, gənclərə göstərilən dövlət qayğısının qarşılıqlı etimad və məsuliyyət üzərində qurulduğunu nümayiş etdirir.
Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində rektor kimi çalışdığım dövrdə gənclərlə daim ünsiyyətdə olmuşam və onların potensialına yaxından bələdəm. Azərbaycan gəncliyi savadlı, vətənpərvər və dövlətinə bağlı gənclikdir. Məhz bu gənclər həm torpaqlarımızı işğaldan azad etdi, həm də bu gün ölkəmizin inkişafında fəal iştirak edir. Onlara göstərilən dövlət qayğısı Azərbaycanın güclü gələcəyinə ən böyük sərmayədir.
Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin prioritetə çevirdiyi gənclər siyasəti Azərbaycanın güclü, müstəqil və qalib dövlət kimi gələcək inkişafının ən möhkəm təməlidir. Azərbaycan gəncliyi bu siyasi kursun etibarlı davamçısı olaraq ölkəmizin sabahını daha da güclü edəcək.
Gənclərimizi təbrik edirəm!


