...Nədənsə son illədə Lənkəran deyəndə Qafar Cəfərli, Qafar Cəfərli deyəndə Lənkəran yadıma düşür. Baxmayaraq ki, bizim Qafarla sonralar dostluğa çevrilən tanışlığımızın 35 ildən çox tarixi var.
Etiraf edim ki, Qafarla ilk tanışlığım mənim Azərbaycan polisi barədə sovet dönəmindən qalma düşüncələrimi alt-üst eləmişdi. Elə onun sayəsində daxili işlər orqanlarında çalışan bir çox yüksək rütbəli polis zabitlərinin ədəbiyyata-incəsənətə sevgisinin, qələm adamlarına xətir-hörmətinin şahidi oldum. Eyni zamanda, elə o zaman Qafarın özünün də jurnalist olmaq arzusundan, orta məktəb illərində mətbuat səhifələrində publisistik və kiçik həcmli bədii yazılarının dərc olunmasından xəbər tutmuşdum.
...İllər sonra Qafarla mənim ortaq dostumuz şair - publisist Əlizaman Baxışla birlikdə Lənkəranın füsünkar təbiət güşələrində gəzib-dolaşdıq, duz- çörək kəsdik. Bir-birimizin xeyir məclislərində canla-başla iştirak edə-edə ruhən daha da doğmalaşdıq. Bir sözlə, Lənkəranda, Masallıda, Bakıda ömrümüzə, günümüzə yazılan unudulmaz xatirələrimiz çoxdur. Əfsus ki, yaşımızın bu çağında bizə o əlçatmaz və ünyetməz günləri yalnız xatırlamaq qalır. Əslində indiki zaman çərçivəsində mənəvi və ruhi sığınacaq tapdığımız ən gözəl “məkanlardan” biri də həmin illərinin işıqlı xatirələridir...
Bəs bu gün Lənkəran deyəndə, mən niyə ilk növbədə Qafarı düşünürəm? Əvvala, onun özünün də dediyi kimii, Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. İndi belə düşünürəm ki, Qafar Cəfərlinin özünün də Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri kimi fəaliyyatə başladığı ilk gündən bu qədim və müasir şəhərin mədəni həyatında fəal iştirakını, ədəbi mühitdə gördüyü işlərin miqyasını da danmaq olmaz. Belə ki, bölmədə əvvəllər mövcud olan “Söz” ədəbi məclisinin və “Şəfəq” ədəbi-bədii jurnalının fəaliyyətinim bərpa olunması, bölgəmizin tanınmış qələm adamları ilə isti münasibətlərin qurulması, müntəzəm ədəbi müzakirələrin, kitab təqdimatlarının keçirilməsi məhz Qafar Cəfərlinin gərgin fəaliyyətinin nəticəsidir.
Belə gözəl bir ifadə var: “Bacarıq ağılın nişanəsidir.” Təqribən 6-7 il əvvəl, daha doğrusu, şair İltifat Salehin vəfatından sonra AYB Lənkəran Bölməsinə kimin rəhbərlik edəcəyi məsələsi gündəmə gəlmişdi. Bakıda yaşasam da, işgüzarlığına, bacarığına yaxşı bələd olduğum üçün yazıçı-publisist Qafar Cəfərlinin namizədliyini ürəkdən dəstəkləyən və az sonra AYB rəhbərliyi tərəfindən bölməyə sədrlik vəzifəsinin ona həvalə olunduğu gün ən çox sevinən qələm yoldaşlarından biri mən olmuşam... Sevinməyə doğrudan da dəyərdi.
...Bu yaxınlarda Şabranda Yazıçılar Birliyinin Yaradıcılıq İstirahət Mərkəzində olarkən Xaqani adına Şabran Poeziya Evinə baş çəkdim. Bir qrup yerli yazarla – Şabran ədəbi məclisinin sədri Bayram Novruz, şair Əşrəf Dağbilicilli və tənqidçi Aprel Məmmədovla görüşüb maraqlı söhbətlər etdik. AYB-nin Şabran, Siyəzən, Xızı bölməsinin rəhbəri Aydın Tağıyev də görüntülü olaraq söhbətə qoşuldu. Söz-sözü çəkdi. Həmsöhbətlərimin Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının yazarlarını özündə birləşdirən AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin təşkilatçılığı, uğurlu lahiyələri barədə məlumatlı olmasından qürur hissi keçirdim.
Qafar Cəfərli həm də heyrət ediləcək məhsuldarlıqla çalışmaqda, yazıb yaratmaqdadır. Əsərləri rus dilinə tərcümə olunub. Yaxşı yadımdadır, on iki il əvvəl mən onun dedektiv janrda qələmə aldığı "Günahsız mələk" kitabına daxil edilmiş povestlərindən aldığım zəngin təəssüratlarımı KİV-də yayımlanan “Ədalət axtarışında” adlı bir məqalə də ətraflı yazmışdım. Xatırladım ki, ədalət axtarışı sözügedən əsərlərin əsas qayəsini təşkil edir. Qafarın "Əməliyyatçı" kitabında olduğu kimi, "Günahsız mələk", "Əlvida həyat", "Xeyirlə şərin qovuşduğu gün" povestlərinin də mövzusu real həyatdan götürülmüşdür. Oxucunu həyəcanda saxlayan süjet xətti ilə yanaşı, psixoloji məqamlarla yadda qalan maraqlı epizodları müəllif bədii dildə, obrazlı şəkildə təsvir edib...
Son on ildə Qafar Cəfərlinin çoxşaxəli yaradıcılığı haqqında ölkənin tanınmış ədəbi tənqidçiləri, tədqiqatçı - alimləri, qələm yoldaşları biri-birindən maraqlı resenziyalar yazıblar. Qələm adamları çox həssas olurlar. Yazıçılıq müasir dövrdə gəlir gətirməyən sənət olsa da, mənə elə gəlir ki, Qafarda yazmaq həvəsi təkcə mənəvi ehtiyacdan doğmur, o, bunu özünə həm də vətəndaş -yazıçı olaraq borc bilir...
Onu da qeyd edim ki, nəsrin bütün imkanlarından məharətlə istifadə edən yazıçının daram əsərləri də çox maraqla qarşılanır. Dram əsərləri yazmaq bütün janrlardan çətindir. Əbəs yerə demirlər ki, pyes yazanlar insan düşüncəsinin əsl mühəndisi olmalıdırlar. Qafar Cəfərlinin qələmə aldığı dram əsərlərinin uğurlu səhnə taleyi də onun dramaturq kimi püxtələşməsinə əsas verir.
...Qələm dostumun 70 illik yubileyi ərəfəsində daha bir şad xəbər eşitdim. Yaxın günlərdə Lənkəran Dövlət Dram Teatrında onun yeni, "Tuğra xanım Talışinsksya" adlı tarixi pyesinin də məşqlərinə başlanacaq. Bu xəbəri eşidəndə gözlərimin önünə Lənkəranda nadir memarlıq incilərindən olan möhtəşəm Xan sarayı gəldi. Mir Əhməd xan Talışinski bu sarayı Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibi olmuş həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa etdirmişdir. Əminəm və inanıram ki, Qafar Cəfərlinin tarixi mövzuda yazdığı bu pyesi də Lənkəranın keçmişinə işıq tutan sənət əsəri kimi gələcək nəsillərə ötürülən mənəviyyat abidəsi olacaq.
Sonda qələm dostuma yeni yaradıcılıq uğurları diləyərək, onu növbəti ad günü və qarşıdan gələn yubiley yaşı münasibəti ilə təbrik edirəm və AYB-nin Lənkəran bölməsində səmərəli işlərin davam etdirilməsi yolunda böyük uğurlar diləyirəm.
Nurəddin Ədiloğlu,
Yazıçı-publisist.