Xətai rayonunda yaşıllaşdırma adı altında illərdir davam edən ekoloji vandalizm növbəti dəfə “Ağ Şəhər” ərazisində çoxillik, həmişəyaşıl ağacların kütləvi şəkildə kəsilməsi faktı ilə ictimailəşdi. Bir neçə gün əvvələ qədər mövcud olan, əraziyə həm ekoloji balans, həm də estetik dəyər qatan onlarla ağac sanki iz qoymadan “yoxa çıxdı”.
Bu, ilk hadisə deyil. Xətai rayonunda ağacların “səssizcə” kəsilməsi artıq adiləşib. Hər dəfə eyni ssenari: əvvəl ağaclar məhv edilir, sonra isə məsələ ictimai rezonans doğuranda cinayət işi açılır, bir-iki icraçı saxlanılır, cərimələnir və məsələ bununla da bağlanır. Nəticə dəyişmir — ağaclar geri qayıtmır, məsul şəxslər isə toxunulmaz qalır.
DİN Mətbuat Xidmətinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, iki nəfər saxlanılıb, ekspertizalar təyin olunub. Amma sual açıq qalır: bu ağacların kəsilməsinə kim göstəriş verib? Hansı qurum, hansı vəzifəli şəxs bu cinayətin arxasında dayanır? Yoxsa Xətai rayonunda çoxillik ağaclar öz-özünə “kəsilir”?
Əgər həqiqətən yaşıllaşdırma siyasətindən, dayanıqlı ekoloji tədbirlərdən danışırıqsa, niyə hər yeni tikinti, hər “abadlıq” layihəsi məhz ağacların məhv edilməsi ilə müşayiət olunur? Əgər qanun işləyirsə, niyə bu cür hallar təkrar-təkrar baş verir? Görünən odur ki, saxlanılan icraçılar sadəcə vitrin üçündür — ictimaiyyətin gözünə kül üfürməkdən başqa bir məqsəd daşımır.
Xətai rayonunda yaşıllaşdırma kağız üzərində artır, reallıqda isə yaşıllıqlar azalır. Bu, artıq təkcə ekoloji problem deyil, açıq şəkildə məsuliyyətsizlik və sistemli səhlənkarlıqdır. Ağac kəsmək asandır, amma məhv edilən təbiəti, pozulan ekoloji tarazlığı bərpa etmək mümkün deyil.
Əgər bu hadisə də əvvəlkilər kimi “iki nəfər saxlanıldı” xəbəri ilə yekunlaşacaqsa, deməli, problem ağacları kəsənlərdə yox, onları kəsdirən və cəzasız buraxan qurumlardadır. Cəmiyyət artıq bu cür “izahatlara” inanmaq istəmir, nəticə istəyir, fakt istəyir.