Almaniyanın “Merkur” nəşri ABŞ Ədliyyə Departamenti tərəfindən məxfilikdən çıxarılan “Epşteyn sənədləri”ndə Almaniyanın keçmiş kansleri Angela Merkelin də adının keçdiyini iddia edib.
Merkel sözügedən sənədlərdə xüsusi rolda təqdim olunur.
Hesabatlarda o, daha çox “qlobalist Avropa Birliyinin simvolu” kimi xarakterizə edilib.
Məlumata görə, Epşteynlə Avropanın sağçı partiyaları barədə yazışmaları ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Stiv Bennon aparıb. Bennonun həmin yazışmalarda “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri, İtaliya Baş nazirinin müavini Matteo Salvini və Macarıstanın Baş naziri Viktor Orbanla olan əlaqələrindən bəhs etdiyi bildirilir.
Qeyd edək ki, sənədlərdə Angela Merkellə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron da daxil olmaqla onlarla tanınmış Qərb siyasətçilərinin adı çəkilir. Ümumilikdə 3 milyondan çox faylı əhatə edən həmin nəhəng arxivdə 2000-dən çox video və 180 mindən çox fotoşəkil yer alıb.
Xatırladaq ki, daha əvvəl yayımlanan məlumatlarda Epşteynin Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə də görüş təşkil etməyə çalışdığı iddia edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.