AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Bələdiyyə sistemində artıq keyfiyyət mərhələsinə keçid təmin olunub”

  • + A
  • - A
  • Dünən, 17:32

    Deputat: “Bələdiyyə sistemində artıq keyfiyyət mərhələsinə keçid təmin olunub”

    Milli Məclisin deputatı Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə 2025-ci ilə dair Ədliyyə Nazirliyinin illik məruzəsini şərh edib.

    Deputat bildirib ki, təqdim olunan hesabat Azərbaycanın yerli özünüidarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Onun sözlərinə görə, ötən il bələdiyyə sistemində aparılan köklü və məqsədyönlü islahatlar, xüsusilə bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayının 1606-dan 685-ə endirilməsi idarəetmənin optimallaşdırılmasına və institusional güclənməyə xidmət edib.

    Kamran Bayramov vurğulayıb ki, suverenliyin tam bərpasından sonra ilk bələdiyyə seçkilərinin keçirilməsi və yeni tərkibdə bələdiyyələrin formalaşdırılması yerli özünüidarəetmə institutunun fəaliyyətində yeni mərhələnin əsasını qoyub. “Bu gün daha iri, daha güclü və rəqəmsal transformasiya prosesinə qoşulmuş bələdiyyələr fəaliyyət göstərir. Bu isə vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə deputat qeyd edib.
    Deputatın sözlərinə görə, məruzədə əksini tapan statistik göstəricilər inzibati nəzarətin artıq formal mexanizm olmadığını, bələdiyyələrin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət etdiyini göstərir. O diqqətə çatdırıb ki, bələdiyyə aktlarının 97,2 faizinin qanunvericiliyə uyğun hesab edilməsi yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artdığını sübut edir.

    Kamran Bayramov həmçinin bələdiyyələrin maliyyə müstəqilliyinin artmasını müsbət qiymətləndirib. O bildirib ki, ötən ilin 9 ayının yekunlarına əsasən yerli büdcə gəlirlərinin 43 milyon manatdan çox olması, yerli vergilər üzrə daxilolmaların 25,4 faiz artması sistemin dayanıqlılığının gücləndiyini göstərir. Xüsusilə torpaq və əmlak vergiləri üzrə artım dinamikası bələdiyyələrin maliyyə bazasının möhkəmləndiyini nümayiş etdirir.
    Deputat əlavə edib ki, Ədliyyə Nazirliyinin metodoloji və praktiki dəstəyi, eləcə də “Bələdiyyələrlə İş” İnformasiya Sisteminin tətbiqi idarəetmədə şəffaflığı və operativliyi artırır. O, yeni tərkibdə fəaliyyətə başlayan bələdiyyə üzvlərinin tədrisi və maarifləndirilməsi istiqamətində işlərin daha da gücləndirilməsinin vacibliyini də vurğulayıb.

    Deputatın fikrincə, həyata keçirilən islahatlar nəticəsində bələdiyyə sistemində “miqdar deyil, keyfiyyət” prinsipinə keçid təmin olunub və bu tendensiya növbəti dövrdə yerli səviyyədə sosial-iqtisadi inkişafa töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR