eputat: Naxçıvanın idarəetmə sistemində konstitusion yenilənmə mühüm addımdır

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən son dəyişikliklər dövlət idarəçiliyinin daha səmərəli və müasir prinsiplər əsasında təşkilinə yönəlmiş mühüm addım kimi qiymətləndirilməlidir. Bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva səsləndirib.
Deputat bildirib ki, İlham Əliyev tərəfindən dəyişikliklərin imzalanması dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi sistemin gücləndirilməsi və ölkə daxilində vahid konstitusion məkanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların məntiqi davamıdır.
Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi Naxçıvan Muxtar Respublikasının idarəetmə modelinin Azərbaycanın konstitusion sistemi ilə daha aydın şəkildə uzlaşdırılması və dövlət hakimiyyəti institutları arasında koordinasiyanın gücləndirilməsidir.
Deputat qeyd edib ki, qəbul edilən yeniliklər ilk növbədə hüquqi çərçivənin müasir reallıqlara uyğunlaşdırılmasına xidmət edir. Konstitusiyanın preambulasında aparılan dəyişikliklər Naxçıvanın hüquqi statusunun Azərbaycanın dövlət müstəqilliyinə əsaslanan konstitusion sənədlərlə bağlılığını daha aydın ifadə edir. Eyni zamanda muxtar respublikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı müddəanın vurğulanması dövlət suverenliyinin və konstitusion prinsiplərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ü. Həmzəyevanın sözlərinə görə, dəyişikliklərin əsas istiqamətlərindən biri idarəetmə mexanizmlərinin təkmilləşdirilməsidir. Bu çərçivədə Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması nəzərdə tutulur. Deputat bildirib ki, bu institut dövlət siyasətinin daha operativ və koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edəcək və mərkəzi hakimiyyətlə muxtar respublika arasında əlaqələrin daha effektiv təşkilinə imkan yaradacaq.
O əlavə edib ki, konstitusion dəyişikliklər çərçivəsində səlahiyyət bölgüsünün daha aydın müəyyənləşdirilməsi, bəzi səlahiyyətlərin yenidən tənzimlənməsi, icra strukturlarının fəaliyyət mexanizmlərinin dəqiqləşdirilməsi və dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin daha sistemli şəkildə qurulması nəzərdə tutulur. Bu isə dövlət idarəçiliyində məsuliyyət və səmərəliliyin artırılmasına xidmət edir.
Deputat vurğulayıb ki, qanunvericilik hakimiyyəti ilə bağlı mexanizmlərdə də yeniliklər tətbiq edilir. Belə ki, Ali Məclisin fəaliyyəti, seçkilərin keçirilməsi və parlament institutunun hüquqi çərçivəsi daha aydın şəkildə müəyyənləşdirilir ki, bu da idarəetmə prosesində şəffaflığın və hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edir.
Ülviyyə Həmzəyeva hesab edir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsi və konstitusion sistemin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu dəyişiklikləri təsdiqləməsi ölkədə həyata keçirilən ardıcıl dövlətçilik siyasətinin və vahid hüquqi məkanın daha da möhkəmlənməsinə xidmət edən mühüm qərardır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.