ANAMA sədri: Ağdamda 43 min hektardan çox ərazi minalardan təmizlənib

2020-ci ilin noyabr ayından bu günə qədər Ağdam rayonunda 43 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə ANAMA sədri Vüqar Süleymanov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycan ərazisində 264 min hektardan çox sahə müharibənin partlayıcı qalıqlarından təmizlənib.
ANAMA sədrinin bildirdiyinə görə, 2020-ci ildən indiyədək mina hadisələri nəticəsində 422 nəfər zərərçəkən olub. Onlardan 73 nəfəri həyatını itirib.
Məlumata əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupun üzvləri Ağdam rayonuna səfər ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri bir sıra əməliyyat sahələrinə baxış keçiriblər. Nümayəndələr Ağdam rayonunun Cəvahirli kəndində ANAMA, Mərzili kəndində Fövqəladə Hallar Nazirliyi, eləcə də Qızılkəngərli kəndində minatəmizləmə işlərinə cəlb olunmuş yerli şirkət tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və bərpa-quruculuq işlərinin sürətləndirilməsi məqsədilə minatəmizləmə tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.