BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti elmi seminar keçirilmişdir. Seminar geofizika və seysmologiya sahəsində müasir çağırışları əhatə etməklə, şəhərsalma prosesində yer təkinin fiziki xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini bir daha diqqət mərkəzinə gətirmişdir.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov ölkəmizdə şəhərsalma siyasətinin elmi əsaslara söykənməsinin əhəmiyyətindən bəhs etmiş, xüsusilə seysmik baxımdan aktiv regionlarda təhlükəsiz və dayanıqlı tikinti işlərinin aparılmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, müasir şəhərlərin planlaşdırılması yalnız memarlıq və dizayn yanaşmaları ilə deyil, eyni zamanda geoloji və geofiziki tədqiqatların nəticələrinə əsaslanmalıdır.
Seminarın əsas məruzəçisi, BDU Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əli Novruzov “Şəhərsalmada kiçik sürətlər zonasının öyrənilməsinin aktuallığı” mövzusunda geniş və əhatəli təqdimatla çıxış etmişdir. Məruzədə yer təkinin quruluşu, seysmik dalğaların yayılma xüsusiyyətləri və bu dalğaların sürətində müşahidə olunan dəyişikliklərin mühəndis-geoloji baxımdan interpretasiyası izah edilmişdir.
Xüsusilə vurğulanmışdır ki, seysmik dalğaların sürətinin azaldığı zonalar – kiçik sürətlər zonaları – süxurların zəif mexaniki xüsusiyyətlərini, yüksək məsaməlilik və çatlılıq səviyyəsini, eləcə də su ilə doyma dərəcəsini əks etdirə bilər. Bu isə öz növbəsində həmin ərazilərdə tikinti işlərinin aparılması zamanı əlavə risklərin yaranmasına səbəb olur. Belə zonaların vaxtında aşkarlanması və xəritələşdirilməsi gələcəkdə baş verə biləcək deformasiyaların, çökmələrin və digər geodinamik proseslərin qarşısının alınmasında mühüm rol oynayır.
Məruzəçi həmçinin qeyd etmişdir ki, müasir geofiziki üsullar – o cümlədən seysmik tomoqrafiya, georadar tədqiqatları və digər innovativ yanaşmalar – yer təkinin daha dəqiq öyrənilməsinə imkan yaradır. Bununla yanaşı, böyük həcmli məlumatların emalı və təhlili üçün süni intellekt texnologiyalarının tətbiqi bu sahədə yeni perspektivlər açır və qərarvermə prosesinin səmərəliliyini artırır.
Seminar çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılmış, tələbələr və gənc tədqiqatçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanmış və ətraflı cavablandırılmışdır. Müzakirələr zamanı şəhərsalma praktikasında geofiziki tədqiqatların tətbiqinin genişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və elmi-tədqiqat nəticələrinin istehsalata inteqrasiyası kimi məsələlər xüsusi diqqət çəkmişdir.
Sonda qeyd olunmuşdur ki, bu cür elmi seminarlar tələbələrin nəzəri biliklərinin praktiki yanaşmalarla zənginləşdirilməsində, onların elmi dünyagörüşünün formalaşmasında və gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Tədbirin geologiya və geofizika sahəsində təhsil alan tələbələr, magistrantlar, doktorantlar və mütəxəssislər üçün faydalı olduğu vurğulanmışdır.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.