AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Latviya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

  • + A
  • - A
  • Bu gün, 11:35

    Azərbaycan-Latviya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

    Xanlar Fətiyev
    Milli Məclisin deputatı

    Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə verdiyi töhfələr, Şərqlə Qərb arasında körpüyə çevrilməsi Avropa İttifaqının üzvləri olan Baltikyanı dövlətlər tərəfindən də böyük maraqla qarşılanır. Aprel ayında Litva Respublikasının Baş naziri İnqa Ruqinienenin ardınca Latviya Prezidenti Edqars Rinkeviçsin geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlməsi bu marağın və ölkəmizlə əməkdaşlığa önəmin təzahürü kimi dəyərləndirilməlidir.
    Azərbaycanla Latviya arasındakı münasibətlərin tarixi yeni deyil. İki respublika arasında sovet dövründə mədəni və iqtisadi əlaqələr formalaşsa da, münasibətlərin tarixi daha əvvələ gedib çıxır. Belə ki, hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etmişdi. Bakıdakı Latış Cəmiyyəti isə XX əsrin əvvəllərində fəaliyyətə başlayıb. Tanınmış latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaratmışlar.
    Azərbaycan və Latviya dövlət müstəqilliyinə gedən yolda da oxşar tale yaşayıblar. Azərbaycan və Latviya xalqlarının tarixində bənzər hadisələr verib. Bu baxımdan iki dövlət arasındakı hazırkı əlaqələr bənzər talelərə, tarixə söykənən mədəni münasibətlərə və onların xalqlarının üzləşdiyi müstəqillik sınaqlarına əsaslanır.
    Hazırda Azərbaycanla Latviya arasında ali siyasi təmaslar yüksək səviyyədədir. Bunu iki dövlətin prezidentlərinin qarşılıqlı səfərləri də təsdiq edir. İndiyə kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev Latviyada bir dəfə dövlət, iki dəfə rəsmi səfərdə olub. Latviya prezidentləri isə Azərbaycana beş dəfə rəsmi, bir dəfə işgüzar səfər ediblər. Əlbəttə ki, ali səviyyəli təmasların bu cür yüksək dinamikası əlaqələrin inkişafına təsir göstərən başlıca siyasi amildir. Eyni zamanda, iki dövlət arasındakı münasibətlərin mükəmməl hüquqi bazası var. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Başqa cür desək, Latviya Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşlarından biridir.
    Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri ilk növbədə onu təsdiq etdi ki, əlaqələr qarşılıqlı etimada, anlaşmaya və ehtirama əsaslanır. Prezidentlərin görüşündə dövlətlərarası əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi. Aparılan danışıqlar və prezidentlərin səsləndirdiyi fikirlər, Edqars Rinkeviçsin «Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir» deməsi siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.
    Prezidentlərin mətbuata bəyanatla çıxışları zamanı toxunulan məsələlər isə Azərbaycanla Latviya arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların və potensialın olduğunu, hər iki tərəfin münasibətlərin daha da dərinləşdirilməsinə böyük maraq göstərdiyini nümayiş etdirdi. Latviya Prezidentinin səfərindən cəmi bir həftə əvvəl, aprelin 15-də Şuşada keçirilən Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında müzakirə olunan məsələlər də bu marağın təzahürüdür.
    Səfər zamanı Latviya Prezidentini bu ölkənin iş adamlarının müşayiət etməsi və Bakıda Azərbaycan-Latviya biznes-forumunun keçirilməsi də hər iki tərəfin iqtisadi münasibətləri dərinləşdirmək əzmindən xəbər verir. Mətbuata bəyanatla çıxışlarda dövlət başçıları ticarət dövriyyəsinin artırılması ilə bağlı fikirlərini bildirdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi biznes-forum ticarət dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək:
    «Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək».
    Göründüyü kimi, Azərbaycan-Latviya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin həm mətbuata bəyanatla çıxışında, həm də biznes-forumdakı nitqində qeyd etdiyi məsələlər və ümumilikdə Latviya Prezidentinin səfəri iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcək. Səfər zamanı qəbul olunan “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” əlaqələrin inkişafına dair hər iki tərəfin yüksək siyasi iradəsindən xəbər verir. Eyni zamanda, Daxili İşlər, Kənd Təsərrüfatı, Xarici İşlər nazirlikləri arasında və digər sahələrdə imzalanan sənədlər əməkdaşlığın hüquqi bazasını gücləndirir.
    Bu cür ali səviyyəli səfərlər həm də Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətə malikdir. Bu baxımdan Latviya Prezidenti ilə görüşdə dövlətimizin başçısının diqqətə çatdırdığı mühüm məsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı oldu. Edqars Rinkeviçsin Latviyanın Azərbaycanın bu məsələdəki mövqeyini dəstəklədiyini bəyan etməsi isə bir daha göstərdi ki, ölkəmizin yaratdığı reallıqlar Avropa İttifaqı regionunda yaxından dəstəklənir. Latviyanın Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanın regionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirir.
    Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyevin biznes-forumda toxunduğu məsələlər Azərbaycanın iqtisadi uğurlarının, regional və qlobal əməkdaşlığa verdiyi töhfələrin təqdimatı idi. Cənab İlham Əliyevin səsləndirdiyi rəqəmlər – Azərbaycanda ÜDM-də qeyri-neft sənayesinin payının 70 faizi keçməsi, xarici borcumuzun ÜDM-in 6,1 faizinə bərabər olması, valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələməsi, son 20 ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiyanın qoyulması, 10-u Avropa İttifaqının üzvü olmaqla, 16 ölkənin Azərbaycandan təbii qaz alması respublikamızın mühüm iqtisadi uğurlarıdır. Eyni zamanda, Azərbaycan Şərq və Qərb arasında bağlantının əsas ünvanıdır. Bütün bunları Latviya rəsmiləri də görür və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verirlər.
    Eyni zamanda, cənab Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər Azərbaycanın inkişafına kölgə salmağa çalışan, respublikamızın uğurlarını görməzdən gələn dairələrə verilən ən gözəl cavabdır. Məlum olduğu kimi, özlərini müxalifətçi kimi təqdim edən, lakin sivil müxalifətçilik təfəkküründən tamamilə uzaq olaraq dövlətimizə və xalqımıza qarşı çıxan antimilli ünsürlərin sosial şəbəkələr vasitəsilə həyata keçirdikləri riyakar fəaliyyətin əsas istiqamətlərindən biri Azərbaycan iqtisadiyyatının uğurlarına kölgə salmaqdır. Xaricdə, o cümlədən, Avropa İttifaqı dövlətlərində mənzillənən bu qaragüruh qruplaşmanı təmsil edənlərin məkrli niyyətlərindən biri cəfəng və reallıqdan uzaq olan iqtisadi arqumentlər irəli sürməklə Azərbaycanın beynəlxalq imicini zədələməkdir. Lakin Azərbaycan dövləti öz uğurları ilə onların bütün riyakar planlarını alt-üst edir. O cümlədən, Latviya Prezidentinin, daha əvvəl Litva Baş nazirinin Azərbaycana səfərləri, bir neçə gün əvvəl isə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycanla Avropa İttifaqı arasında energetika və ticarət sahəsində əlaqələrin gücləndirilməsinin prioritet məsələ olmasını bəyan etməsi ölkəmizlə əməkdaşlığa verilən dəyərin göstəricisi olmaqla yanaşı, antimilli dairələrə ən layiqli cavablardır.
    Bütövlükdə, Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri göstərir ki, Azərbaycan-Latviya münasibətlərinin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq telləri daim genişlənir. Bu səfərin əsas həqiqətlərindən biri də odur ki, Azərbaycan Avropa İttifaqı üzvləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR