“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktı uğurla icra olunaraq 22.935 şəxsə şamil edilib.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı ilə qəbul edilən amnistiya aktının icrası 4 ay müddətində həyata keçirilib. Prosesə qeyri-hökumət təşkilatları, media nümayəndələri və vətəndaş cəmiyyəti institutları da cəlb olunub.
Bu amnistiya tətbiq edilən şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən genişmiqyaslı qərar kimi qiymətləndirilir. Belə ki, sayca 13-cü amnistiya aktı ümumilikdə 22.935 nəfəri əhatə edib.
Nəticələrə əsasən:
5.348 nəfər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib
3.555 məhkumun cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb
Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar üzrə də geniş güzəştlər tətbiq olunub. Belə ki, 9.714 şəxs müxtəlif cəzalardan azad edilib:
7.970 nəfər – azadlığın məhdudlaşdırılması
734 nəfər – islah işləri
82 nəfər – ictimai işlər
741 nəfər – cərimə cəzası
175 nəfər – hərbi xidmət üzrə məhdudlaşdırma
12 nəfər – intizam xarakterli hərbi hissədə saxlama
Bundan əlavə, şərti məhkum edilmiş, cəzası təxirə salınmış və şərti olaraq vaxtından əvvəl azad edilmiş 1.059 şəxs də amnistiyadan faydalanıb.
Məhkəmələrdə və istintaq orqanlarında olan işlər üzrə isə ümumilikdə 3.259 şəxs cinayət məsuliyyətindən azad edilib:
1.676 nəfər – məhkəmə icraatında olan işlər üzrə
1.583 nəfər – ibtidai istintaq və təhqiqat mərhələsində
Qeyd olunur ki, 1996-cı ildən bu yana qəbul edilən 13 amnistiya aktı dövlətin humanizm siyasətini, insan hüquqlarına yanaşmanı və sosial ədalət prinsipini ardıcıl şəkildə gücləndirdiyini bir daha nümayiş etdirir.