AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri səyyar-görüş qəbul keçirdi

  • + A
  • - A
  • 6-05-2026, 16:55

    Masallıda rayon rəhbəri səyyar-görüş qəbul keçirdi

    6 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Banbaşı inzibati ərazi dairəsinə daxil olan Böyük Xocavar kəndində səyyar görüş-qəbul keçirmişdir.

    Səyyar görüş-qəbulu açıq elan edən rayon rəhbəri ilk olaraq iştirakçıları salamlamış, daha sonra kəndin tarixi, əsas məşğuliyyət sahələri və tanınmış şəxsiyyətləri barədə ətraflı məlumat vermişdir.

    Əhmədov çıxışında qeyd etmişdir ki, “Xocavar” sözü iki mənada izah olunur. Böyük Xocavar kəndi qədim ticarət yollarının kəsişdiyi əlverişli ərazidə yerləşdiyindən burada bazarlar qurulmuş, tacirlərin sevdiyi və məskən saldığı bir yaşayış məntəqəsinə çevrilmişdir. Bu baxımdan “Xocavar” sözünün “xoca”, yəni tacir sözündən əmələ gəlməsi ehtimal olunur.

    Rayon rəhbəri vurğulamışdır ki, Böyük Xocavar kəndi eyni zamanda elm və təhsilin inkişaf etdiyi yaşayış məntəqələrindən biri olmuşdur. Kəndin ilkin adı Xocavar olmuş, sonradan Binə Xocavar kəndi yarandıqdan sonra isə bu yaşayış məntəqəsi Böyük Xocavar adlandırılmışdır.

    Araz Əhmədov çıxışında həmçinin Böyük Xocavar kəndinin ziyalıları, alimləri, fəlsəfə elmləri doktorları, prokurorluq orqanlarında çalışan məsul şəxsləri, din xadimləri və həkimləri haqqında geniş danışmış, onların rayonun ictimai həyatındakı rolunu xüsusi vurğulamışdır.

    Eyni zamanda qeyd olunmuşdur ki, kənddə ilk məktəb 1930-cu ildə fəaliyyətə başlamışdır.

    Rayon rəhbəri, həmçinin Vətən müharibəsi dövründə Banbaşı ərazi dairəsi üzrə 36 nəfərin döyüşlərdə iştirak etdiyini, onlardan 21 nəfərin şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırmışdır.

    Daha sonra söz Masallı Rayon İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.

    Şöbə müdiri çıxış edərək ərazidə həyata keçirilən sosial və infrastruktur layihələri barədə ətraflı məlumat vermişdir.

    İlk olaraq aztəminatlı ailələrə, şəhid ailələrinə və kimsəsiz şəxslərə göstərilən maddi yardımlar barədə danışmış, bu istiqamətdə mütəmadi dəstəyin davam etdirildiyini bildirmişdir.

    O, həmçinin ərazidə şəhid evinə gedən küçənin 300 metrlik hissəsinin asfalt örtüklə döşəndiyini qeyd etmişdir. Bundan əlavə, 1000 metr uzunluğunda suötürücü kanalın qazılması və yeni boruların quraşdırılması işlərinin həyata keçirildiyini diqqətə çatdırmışdır.

    Famil Cəfərov 2340 metr uzunluğunda yola qum-çınqıl materialının töküldüyünü, kənd məscidinə gedən yola isə şebel daşının döşəndiyini bildirmişdir.

    Çıxış zamanı o, 13 min 500 manat dəyərində aztəminatlı ailələrə əlavə yardımlar göstərildiyini, ərazidə 3 min 250 manat dəyərində 5 ədəd dayanacağın quraşdırıldığını qeyd etmişdir.

    Həmçinin Xocavar kəndində yanmış evə 18 min 500 manat dəyərində yardım göstərildiyi vurğulanmışdır.

    Şöbə müdiri daha sonra ərazidə işıqlandırma sisteminin qurulması, körpünün salınması, kənd məscidinin təmir olunması, kəndarası yollara 12 min manat dəyərində şebel döşənməsi barədə də məlumat vermişdir.

    Konstitusiya və Suverenlik İli çərçivəsində ərazidə 380 ədəd ağac əkildiyini bildirən Famil Cəfərov, şəhid plakatlarının və bayraqlarının da mütəmadi olaraq yoxlanıldığını, zəruri hallarda yeniləri ilə əvəz olunduğunu diqqətə çatdırmışdır.

    Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən vətəndaşların müraciətləri dinlənilmişdir.

    İlk olaraq müraciət edən vətəndaş Çaxırlı-Xocavar yolunun 6 kilometrlik hissəsinin əsaslı təmiri ilə bağlı müraciətini rayon rəhbərinin diqqətinə çatdırmışdır.

    Növbəti müraciət ərazidə elektrik şəbəkəsində yaranan çətinliklərlə bağlı olmuş, sakin tərəfindən yeni transformatorun quraşdırılması xahiş edilmişdir.

    Digər müraciət təşəkkür xarakterli olmuşdur. Belə ki, kənd sakini rayon rəhbəri tərəfindən görülən işlərə görə həm öz adından, həm də kənd sakinləri adından minnətdarlığını ifadə etmişdir.

    Növbəti müraciət isə şəhid anası tərəfindən səsləndirilmişdir. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və rayon rəhbəri cənab Araz Əhmıdova təşəkkürünü bildirmiş, göstərilən dəstəyin yüksək qiymətləndirildiyini vurğulamışdır.

    Digər müraciətlər də rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmişdir. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR