Naxçıvan Muxtar Respublikasında son illərin sosial-iqtisadi göstəriciləri ətrafında müzakirələr genişlənir. Tanınmış jurnalist və Bakı-Xəbər Media Qrupunun rəhbəri Aydın Quliyev sosial şəbəkədə paylaşdığı statusla diqqət çəkib. O, Naxçıvanda rəsmi işsizlərin sayının son üç ildə kəskin artmasını ciddi narahatlıq kimi qiymətləndirib.
Aydın Quliyev qeyd edir ki, Vasif Talıbovun Ali Məclis sədrliyindən getdiyi 2022-ci ildə Naxçıvan MR-də rəsmi qeydiyyatda olan işsizlərin sayı cəmi 190 nəfər idi. Onun paylaşdığı məlumata görə, 2025-ci ildə bu rəqəm 14 min 504 nəfərə yüksəlib. Bu isə təxminən 76 dəfə artım deməkdir.
Müəllif vurğulayır ki, burada əsas məsələ təkcə rəqəmlərin özü deyil, həm də Naxçıvana rəhbər vəzifələrə göndərilən yeni kadrların fəaliyyətidir. O yazır ki, Prezident İlham Əliyevin böyük etimad göstərərək bölgəyə göndərdiyi şəxslərin bu mənzərəyə görə məsuliyyəti var və “etimada xəyanət” sualı həm cəmiyyət, həm də hakimiyyət tərəfindən veriləcək.
Aydın Quliyev eyni zamanda əvvəlki dövrdə işsizlik statistikasının necə formalaşdığına da toxunur. O bildirir ki, Vasif Talıbov dönəmində işsizlərin rəsmi qeydiyyata alınmasına məhdudiyyət olub-olmadığını və ya həqiqətən məşğulluğun təmin edilib-edilmədiyini ən yaxşı Naxçıvan əhalisi qiymətləndirə bilər.
Status sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Bir qisim istifadəçilər işsizliyin real olaraq artdığını bildirir, digərləri isə əvvəlki illərdə statistikanın reallığı tam əks etdirmədiyini iddia edir.
Rəsmi statistika fonunda Naxçıvanda məşğulluq məsələsi yenidən ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.