Əliməmməd Nuriyev,
Konstitusiya Araşdırmaları Fondunun rəhbəriBu gün Bakıda, Gülüstan sarayında fərqli bir siyasi və mənəvi atmosfer hiss olunurdu.
Sanki uzun illər dünyada daha çox dinləyən tərəf kimi təqdim olunan xalqlar artıq öz sözünü birlikdə deməyə başlayırdı.
Global Cənub QHT Platformasının Baş Assambleyasının Bakıda işə başlaması təkcə beynəlxalq tədbir deyil. Bu, həm də dünyada formalaşan yeni siyasi reallığın göstəricisidir.
Zalda müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin çıxışlarında və baxışlarında ortaq bir fikir hiss olunurdu: dünya ilə bağlı qərarlar artıq yalnız məhdud siyasi mərkəzlərdə formalaşmamalıdır. İnsan taleyi, təhlükəsizlik, inkişaf və ədalət haqqında danışan xalqlar bu proseslərdə daha fəal iştirak etmək istəyirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxışında məhz bu məqama toxundu. Onun “BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir” fikri əslində bugünkü beynəlxalq narahatlığın əsas səbəblərindən birini ifadə edirdi.
Çünki dünya əhalisinin böyük hissəsini təşkil edən Qlobal Cənub uzun illər qlobal qərarların qəbulunda yetərincə təmsil olunmadığını düşünür. Bu səbəbdən də artıq müşahidəçi olmaq yox, proseslərin iştirakçısına çevrilmək istəyir.
Bakıda keçirilən Baş Assambleyanın əsas mənası da burada ortaya çıxır.
Cəmi bir il əvvəl ideya kimi görünən Global Cənub QHT Platforması bu gün artıq real beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir. Baş Assambleyada fəaliyyət hesabatının təqdim olunması, yeni rəhbər strukturların formalaşdırılması və gələcək istiqamətlərin müəyyən edilməsi də bunu aydın göstərdi.
Bu gün Bakı yalnız tədbirə ev sahibliyi edən şəhər kimi deyil, yeni beynəlxalq dialoqun mühüm platformalarından biri kimi görünürdü.
“Global Cənub Platforması qlobal həllərin güclü memarına çevrilir” fikri də təsadüfi səslənmir. Çünki artıq söhbət yalnız problemlərdən danışmaqdan yox, dünyanın gələcəyi ilə bağlı qərarların formalaşmasında iştirak etməkdən gedir.
Bəlkə də tədbirin ən mühüm mesajı elə budur:
Qlobal Cənub artıq özünü dünyanın kənarında hiss etmir. O, dünyanın gələcəyi haqqında danışan masada öz yerini tutmağa başlayır.