Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi etimadının və qlobal təşəbbüslərdə artan rolunun növbəti mühüm təsdiqinə çevrildi.
6 gün Forumda apardığım müşahidələrimə əsasən tam əminliklə qeyd edim ki, COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 Bakı şəhərini bir daha qlobal həmrəylik, çoxtərəfli əməkdaşlıq və strateji dialoq platforması kimi ön plana çıxardı.
WUF13-ün məhz Azərbaycanda keçirilməsi təsadüfi seçim deyildi. Bu qərar ölkəmizin urbanizasiya, dayanıqlı inkişaf və beynəlxalq tərəfdaşlıq sahəsində qazandığı yüksək etimadın göstəricisidir. Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üzrə formalaşdırdığı uğurlu təcrübəni, yüksək imici bir daha nümayiş etdirdi və dünya ictimaiyyətinə müasir, təhlükəsiz, təşkilatlanmış dövlət modelini təqdim etdi.
Forumun ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə olaraq WUF çərçivəsində Liderlər Sammitinin keçirilməsi oldu. Mayın 18-də baş tutan bu yüksək səviyyəli platformada 27 dövlət və hökumət başçısı, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək səviyyəli qonaqlar iştirak etdilər. Liderlərin çıxışlarında Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə, yaradılmış səmərəli dialoq mühitinə və forumun peşəkar təşkilinə görə xüsusi təşəkkür ifadə olundu.
Bu təşəbbüs Azərbaycanın artıq yalnız regional deyil, qlobal strateji dialoq mərkəzi kimi qəbul edildiyini nümayiş etdirdi. Liderlərin Bəyanatları Sessiyası WUF13-ün siyasi çəkisini artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq gündəliyin formalaşmasına verdiyi töhfəni də daha aydın şəkildə ortaya qoydu.
Azərbaycan forum çərçivəsində yalnız təşkilatçı ölkə kimi deyil, həm də mühüm ideya və təşəbbüslərin müəllifi kimi çıxış etdi. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, “Böyük Qayıdış” proqramı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılandı. Azərbaycanın öz daxili resursları hesabına həyata keçirdiyi bu layihələr müasir şəhərsalma və postmünaqişə bərpası baxımından nümunəvi model kimi qiymətləndirildi.
WUF13 bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqində etibarlı tərəfdaş, güclü təşkilatçı və yeni ideyaların müəllifi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmiz artıq təkcə regionun deyil, dünyanın mühüm beynəlxalq platformalarından birinə çevrilməkdədir.
WUF13 çərçivəsində #QHT-lərin fəaliyyəti xüsusi dinamizmi və yüksək təşkilatlanma səviyyəsi ilə diqqət çəkirdi. Yerli və beynəlxalq vətəndaş cəmiyyəti institutları urbanizasiya, inklüziv şəhər inkişafı, iqlim dayanıqlılığı və sosial ədalət mövzularında fəal müzakirələr apararaq müxtəlif platformalarda əməkdaşlıq nümayiş etdirdilər. QHT-lər yalnız panel iştirakçısı kimi deyil, həm də təşəbbüskar tərəf kimi çıxış edərək birgə layihələr, tərəfdaşlıq şəbəkələri və ictimai iştirakçılıq modelləri təqdim etdilər. Xüsusilə gənclərin, qadınların və həssas qrupların şəhər idarəçiliyində iştirakının təşviqi istiqamətində irəli sürülən təşəbbüslər beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılandı. Forum müddətində QHT-lərin koordinasiyalı fəaliyyəti və çevik kommunikasiya bacarıqları onların qlobal urban gündəliyində mühüm aktor kimi rolunu bir daha nümayiş etdirdi. Bu fəallıq və əməkdaşlıq mühiti vətəndaş cəmiyyətinin dayanıqlı şəhərlərin qurulmasında əvəzsiz tərəfdaş olduğunu açıq şəkildə ortaya qoydu.
Əldə olunan təcrübə və uğurlar dövlət siyasətinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin nəticəsidir.
Prezident İlham Əliyevin QHT sektorunun inkişafı, vətəndaş cəmiyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji kursa uyğun olaraq bütün işlər planlı şəkildə icra olundu. Bu uğurlar dövlət iradəsinin, milli həmrəyliyin və peşəkar idarəçiliyin təntənəsi idi.
Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri