Xarici İşlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universiteti (BDU) və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə hər il beynəlxalq səviyyədə qeyd edilən “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib.
“Yüksələn qitə, yeni tərəfdaşlıqlar” mövzusunda keçirilən konfransda Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Azərbaycanla Afrika ölkələri arasında parlamentlərarası əlaqələr üzrə Milli Məclisin işçi qruplarının sədrləri, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər, eləcə də ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin artan geosiyasi və iqtisadi əhəmiyyətindən bəhs edərək Azərbaycan-Afrika ölkələri arasında siyasi səviyyədə yüksək səviyyəli təmasların son illərdə xüsusilə artdığını, iqtisadi istiqamətdə böyük artım vəd edən potensialın mövcud olduğunu vurğulayıb.
Humanitar sahədə əməkdaşlıq istiqamətlərinə toxunan Yalçın Rəfiyev Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə həyata keçirilmiş layihələrə və Ulu Öndər Heydər Əliyevin adını daşıyan beynəlxalq təqaüd proqramı çərçivəsində afrikalı gənclər üçün təklif olunan təhsil imkanlarına diqqət çəkib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, son illər Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə sıx və fəal olub. Bu, təkcə rəsmi görüşlərdə və razılaşmalarda deyil, həm də insanlar arasındakı əlaqələrdə, akademik əməkdaşlıqda və xüsusən də Azərbaycan universitetlərində təhsil alan afrikalı tələbələrin artan sayında müşahidə olunur. Hazırda Azərbaycan universitetlərində 40 Afrika ölkəsindən 360-dan çox tələbə təhsil alır: “Təhsil ölkələr arasında tərəfdaşlığın ən möhkəm formalarından biridir. Afrika ölkələrindən olan tələbələr müxtəlif təhsil proqramları, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində Azərbaycan hökumətinin dəstəyini alırlar. İllər sonra Azərbaycanda təhsil almış əcnəbi tələbələr dostluğu, əldə etdikləri təcrübəni və burada yaşadıqları qonaqpərvərlik hissini xatırlayacaqlar”.
Nazir müavini diplomatları, akademik icma nümayəndələrini, tələbələri, ekspertləri və siyasətin hazırlanması prosesinin iştirakçılarını bir araya gətirən konfransın keçirilməsinin vacib olduğunu bildirib. Diqqətə çatdırıb ki, tədbir təkcə mövcud çağırışların müzakirəsi üçün deyil, həm də gələcək üçün yeni ideya və tərəfdaşlıqların formalaşdırılması üçün mühüm bir platformadır.
BDU rektoru Elçin Babayev isə qeyd edib ki, Azərbaycan və Afrika ölkələri son illərdə ali təhsil, elmi tədqiqatlar, diplomatiya və gənclərin mübadiləsi sahələrində əməkdaşlığı fəal şəkildə genişləndirirlər. O, BDU-nun Azərbaycan və Afrika ölkələri arasında məzmunlu dialoq və uzunmüddətli tərəfdaşlıq üçün mühüm platformaya çevrilmiş konfransın təşkilatçılarından olmasından qürur duyduğunu bildirib. Rektor xatırladıb ki, ötən il Universitet Cənubi Afrika Respublikasının ali təhsil və kadr hazırlığı nazirinin müavini Namusa Tubanyukuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Səfər zamanı birgə magistratura və doktorantura proqramlarının yaradılması, akademik mobilliyin, rəqəmsal təhsilin və elmi əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib: “Bu səfər nümayiş etdirdi ki, məsafəyə baxmayaraq, universitetlərimiz və cəmiyyətlərimiz bir çox ortaq istəkləri - gənclərə sərmayə qoyulmasını, keyfiyyətli təhsilə əlçatanlığın genişləndirilməsini və innovasiyalara əsaslanan inkişafı bölüşür. Azərbaycanla Afrika arasında münasibətlərin inkişafı əsasən gənclərdən asılıdır. Afrikalı tələbələr təkcə təhsil alanlar deyil, həm də akademik ictimaiyyəti öz baxışları, ənənələri və təcrübələri ilə zənginləşdirən mədəniyyət səfirləridir. Onlar təhsildə yüksək akademik nailiyyətləri ilə fərqlənir, təhsil və elmi fəaliyyətdə daim yüksək nəticələr nümayiş etdirirlər. Onlar Universitetimizin ən yaxşı xarici tələbələridir. Afrikalı tələbələr Azərbaycanda keçirilən beynəlxalq müzakirələrdə, o cümlədən gənclərin daha ədalətli və dayanıqlı dünya nizamının formalaşmasındakı roluna həsr olunmuş təşəbbüslərdə də fəal iştirak edirlər. Onların iştirakı bizə xatırladır ki, universitetlər sadəcə təhsil müəssisələri deyil, gələcəyin liderləri, diplomatları, tədqiqatçıları və novatorlarının yetişdiyi məkanlardır".
Elçin Babayev həmçinin qeyd edib ki, Bakı Dövlət Universiteti Asiya və Afrikanın öyrənilməsi sahəsində dərin akademik ənənələrə malikdir: "Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri kafedrasının tarixi bir əsrdən çoxdur".
Daha sonra Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, diplomatik korpusun duayeni Adil Embarş çıxış edib. Açılış mərasimində Afrika Birliyi Komissiyasının sədri Mahmud Əli Yusifin videomüraciəti səsləndirilib.
Konfrans çərçivəsində “Azərbaycan–Afrika münasibətləri: mövcud vəziyyət və strateji imkanlar”, habelə “2063 Gündəliyi və Afrikanın inkişaf edən beynəlxalq münasibətlər sistemində rolu” mövzularında iki panel müzakirəsi keçirilib.
Sözügedən müzakirələrdə Somali, Mərakeş, Əlcəzair, Sudan və Esvatinin səfirləri, Azərbaycanın Efiopiya və Keniyadakı səfirləri, Uqanda və Tanzaniyanın XİN rəsmiləri, habelə Milli Məclisin Əlcəzair və Keniya ilə parlamentlərarası işçi qruplarının sədrləri iştirak ediblər.
Bununla yanaşı, tədbir zamanı “Afrikada ASAN xidmət modeli” mövzusunda təqdimat baş tutub.
Konfransda afrikalı tələbələrin ifasında mədəni proqram, Afrika qitəsinin tarixinə dair xüsusi video təqdim edilib.
Konfrans proqramı çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin afrikalı liderlərlə görüşlərini, eləcə də digər yüksək səviyyəli təmasları əks etdirən foto-şəkillər nümayiş etdirilib.
Konfransın bağlanış mərasimində çıxış edən Qvineya-Bisau Respublikasının beynəlxalq əməkdaşlıq və icmalar üzrə nazir müavini Fatumata Jau Azərbaycanla Afrika ölkələri arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb.