Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış, Şərqdə ilk demokratik respublikanın əsasının qoyulduğu günə – 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda möhtəşəm rəsmi tədbir keçirilmişdir. Mərasimdə institutun rəhbərliyi, tanınmış alimlər, professor-müəllim heyəti və gənc tədqiqatçılar iştirak etmişlər.
Rəsmi hissə başlamazdan öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni təntənəli şəkildə səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Əbədi dövlət müstəqilliyimiz” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Natiq öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli fəaliyyətindən, onun milli dövlətçilik tariximizdəki müstəsna rolundan bəhs etmişdir. Professor İbrahim Cəfərov vurğulamışdır ki, ötən əsrin sonlarında yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində məhv olmaq təhlükəsindən qurtulmuş, bu gün isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz suverenliyini tam bərpa edərək tarixinin ən qüdrətli dövrünü yaşayır.
Müstəqilliyin qorunmasında elmin və təhsilin roluna toxunan professor: "Müstəqillik bizim ən böyük sərvətimizdir. Bu gün biz elmi müəssisə olaraq təkcə aqrar elmin inkişafına deyil, həm də dövlətçilik ənənələrimizin qorunmasına, müstəqil dövlətimizin iqtisadi və elmi qüdrətinin artırılmasına öz fundamental töhfələrimizi verməliyik" - deyə xüsusi qeyd etmişdir.
Tədbir daha sonra institut əməkdaşlarının müstəqillik tariximizin müxtəlif mərhələlərini, siyasi və ideoloji əsaslarını işıqlandıran elmi-nəzəri məruzələri ilə davam etmişdir. İlk olaraq müəssisənin şöbə müdiri Günel Əliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi” mövzusunda çıxış edərək, ilk respublikamızın keçdiyi şərəfli yola nəzər salmışdır. Ardınca institutun əməkdaşı Jalə Hüseynzadə “Milli azadlıq ideyası və müstəqillik uğrunda mübarizə”, elmi katib Məryəm Bağırova isə “Suverenlik Azərbaycan dövlətçiliyinin tarixi nailiyyətidir” mövzularında geniş məruzələr təqdim edərək, suverenliyin qorunmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırmışlar.
Mövzunun gənclik və milli dəyərlər aspektindən davamı olaraq çıxış edən Gülçin Dəmirova “Gənclər və müstəqil dövlətin gələcəyi”, Tünzalə Bağırova “Müstəqillik – Azərbaycan xalqının milli sərvətidir” və Rumiyyə Məmmədrzayeva “28 May – istiqlaldan doğan qürur” adlı məruzələri ilə müstəqillik ideallarının gənc nəslə aşılanmasının önəmini xüsusi vurğulamışlar.
Məruzəçilər öz çıxışlarında respublika qurucularının fədakarlığından, milli azadlıq hərəkatının fəlsəfəsindən və müasir gəncliyin üzərinə düşən tarixi məsuliyyətdən bəhs etmişlər. Xüsusilə vurğulanmışdır ki, Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması xalqımızın çoxəsrlik tarixində əldə etdiyi ən böyük və şanlı nailiyyətdir.
Tədbirin yekununda institut rəhbərliyi aktiv iştirakına və diqqətinə görə kollektivə və qonaqlara dərin təşəkkürünü bildirmiş, xalqımızı bu müqəddəs bayram münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.





[/center][center]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.