Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyi tərəfindən həyata keçirilən "İsmayıllıda ekoloji maarifləndirmə tədbirləri" layihəsinin icrasına 01 iyun 2026-cı il tarixindən başlanılır.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 2 ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixində təsdiq etdiyi "Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilmiş beş milli prioritetdən biri olan "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetinin həyata keçirilməsinə töhfə vermək, ekoloji məsuliyyət və yaşıl inkişaf prinsiplərinin təşviqinə ictimai dəstəyi artırmaqdır.
Bu barədə layihə rəhbəri və birliyin sədri Qəmzə Yusubova məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində İsmayıllı rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı və turizm sektoru nümayəndələri, sahibkarlar, gənclər və yerli icma üzvləri üçün bir sıra ekoloji maarifləndirmə tədbirləri, təlimlər, görüşlər,dəyirmi masalar və məlumatlandırma sessiyaları təşkil ediləcək.
Tədbirlər zamanı yaşıl iqtisadiyyatın üstünlükləri, ekoloji məsuliyyətin artırılması, təbii resurslardan səmərəli istifadə, tullantıların düzgün idarə olunması, enerji və su ehtiyatlarına qənaət, eləcə də ekoloji baxımdan dayanıqlı fəaliyyət modelləri barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Qəmzə Yusubova bildirib ki, layihənin əsas hədəflərindən biri kənd təsərrüfatı və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə yaşıl inkişaf prinsiplərinin tətbiqini təşviq etmək, bu istiqamətdə bilik və bacarıqları artırmaq, ətraf mühitə mənfi təsirlərin azaldılmasına dəstək göstərməkdir.
Layihənin icrası nəticəsində regionda ekoloji maariflənmənin gücləndirilməsi, əhalinin ətraf mühitin qorunması sahəsində məlumatlılığının artırılması və ekoloji məsuliyyət mədəniyyətinin formalaşmasına töhfə verilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.