Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulan qurğunun tikintisi davam edir:
"Layihə çərçivəsində şəhərin yağış və çirkab sularının toplanaraq təmizlənməsi təmin olunacaq. Qurğuda yağış suları 1200 millimetrlik borular vasitəsilə toplanaraq təmizləyici sistemə yönləndiriləcək. Çirkab suları isə 600 millimetrlik borularla xüsusi təmizləyici qurğuya ötürüləcək. Burada normativ tələblərə uyğun təmizlənən sular daha sonra Qarqar çayına axıdılacaq və növbəti mərhələdə suvarma məqsədləri üçün istifadə edilə biləcək. Hazırda obyektin ərazisində tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir. Layihənin gələn il istifadəyə verilməsi nəzərdə tutulur".
O qeyd edib ki, qurğunun istismara verilməsi ilə Şuşa şəhərində həm yağış sularının, həm də çirkab sularının toplanması və təmizlənməsi sistemi tam şəkildə fəaliyyət göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.