Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti barədə məlumat yayıb.
XİN-in məlumatında deyilir:
“Qeyd edildiyi kimi, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşmüşlər.
Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.