AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Dialektlər dilimizin canlı irsi və zənginlik mənbəyidir

  • + A
  • - A
  • Bu gün, 12:30

    Deputat: Dialektlər dilimizin canlı irsi və zənginlik mənbəyidir


    Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycan dilinin dialekt və şivələrinin qorunmasının vacibliyindən danışıb.

    Deputat sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, son dövrlərdə dialektlər ətrafında aparılan müzakirələr dilin zənginliyinə diqqəti artırıb. Onun sözlərinə görə, alimlərin də vurğuladığı kimi, dialektlər hər bir dilin canlı irsi hesab olunur və ədəbi dilin formalaşması, inkişafı və zənginləşməsində mühüm rol oynayır.

    Ü. Həmzəyeva qeyd edib ki, dialektlər lüğət tərkibinin zənginləşməsinə xidmət edir, yeni söz və ifadələrin dilə daxil olmasına şərait yaradır. O bildirib ki, bu gün ümumi istifadədə olan bir çox sözlər vaxtilə yalnız müəyyən bölgələrdə işlədilib.

    Deputatın fikrincə, dialektlər həm də tarixin canlı aynasıdır. Onlarda ədəbi dildə artıq işlənməyən qədim sözlər, ifadələr və qrammatik formalar qorunub saxlanılır ki, bu da dilçilərə xalqın və dilin keçmişini daha dərindən öyrənmək imkanı verir.

    Paylaşımda vurğulanıb ki, hər bir bölgənin özünəməxsus danışıq tərzi həmin ərazinin tarixini, mədəniyyətini və həyat tərzini yaşadır. Bu baxımdan dialektlər milli-mədəni kimliyin qorunmasında mühüm əhəmiyyət daşıyır.

    Deputat diqqətə çatdırıb ki, təhsil sisteminin, standartlaşmanın və kütləvi informasiya vasitələrinin təsiri nəticəsində bir sıra dialekt fərqləri zamanla azalır. Buna baxmayaraq, onlar bədii ədəbiyyat, folklor, toponimika və gündəlik danışıq dili üçün mühüm mənbə olaraq qalır.

    Ü. Həmzəyeva bəzi hallarda dialekt və şivələrə istehza ilə yanaşıldığını təəssüflə qeyd edərək bildirib ki, belə münasibət dilin inkişafına deyil, onun mədəni zənginliyinin azalmasına xidmət edir.

    Deputat Azərbaycan dilinin bütün dialekt və şivələrinin xüsusi hörmətə layiq olduğunu vurğulayaraq, cəmiyyəti dil müxtəlifliyinə ehtiramla yanaşmağa çağırıb. Onun sözlərinə görə, dil müxtəlifliyini qorumaqla xalqın tarixi, mədəniyyəti və milli yaddaşı da qorunub saxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR