Ölkə rəhbərliyinin iştirakı ilə istifadəyə verilən, sakinlərin istirahəti və asudə vaxtının səmərəli təşkili üçün yaradılan yeni parkın bu günkü mənzərəsi ciddi narahatlıq doğurur. Nərimanov rayonu ərazisində İtaliya məktəbi yaxınlığında yerləşən parkda çəkilmiş görüntülər ərazinin müxtəlif məişət tullantıları ilə çirkləndiyini göstərir.
Dövlət tərəfindən milyonlarla vəsait xərclənərək abadlıq işləri görülür, yeni parklar və istirahət məkanları yaradılır. Məqsəd vətəndaşların rahatlığı, ailələrin istirahəti və şəhər mühitinin daha da gözəlləşdirilməsidir. Lakin bəzi insanların ictimai məkanlardan istifadə mədəniyyətinin aşağı səviyyədə olması bu səylərin nəticəsini kölgə altına salır.
Növbə mədəniyyəti kimi, piknik və ictimai məkanlardan istifadə mədəniyyəti də cəmiyyətin inkişaf göstəricilərindən biridir. Təəssüf ki, bəzi vətəndaşlar istirahətdən sonra tullantıları toplamaq əvəzinə onları ərazidə qoyub gedirlər.
Ortaya çıxan mənzərə yalnız vətəndaş məsuliyyətsizliyini deyil, həm də nəzarət mexanizmlərinin yetərsizliyini göstərir. Park ərazisində mütəmadi təmizlik işlərinin aparılması, nəzarətçilərin və xidmət əməkdaşlarının fəaliyyəti görünmür.
Ekspertlər hesab edirlər ki, problemin həlli üçün ictimai məkanlarda videomüşahidə sistemləri genişləndirilməli, ətraf mühiti çirkləndirən şəxslərə qarşı ciddi cərimələr tətbiq olunmalıdır. Eyni zamanda, parkların qorunması və təmiz saxlanılması üçün əlavə işçi qüvvəsinin cəlb edilməsi həm məşğulluğa, həm də şəhər mühitinin qorunmasına töhfə verə bilər.
Yaradılan gözəl parkları qorumaq yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Əks halda, abadlaşdırılan məkanlar qısa müddətdə baxımsız və ürəkbulandıran mənzərəyə çevriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.