Sabah Vətən müharibəsi şəhidi Anar Qarayevin doğum günüdür. Cəmi 22 illik ömrə sığan həyat yolu isə bu gün də həm qürur, həm də kövrək hisslər doğurur.
1998-ci ildə anadan olan Anar Qarayev təhsildə daim seçilən gənclərdən idi. Ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, qısa ömründə ərəb, alman, ingilis və rus dillərini yüksək səviyyədə mənimsəmişdi. Onun arzusu bilik və bacarığını ölkəsinə xidmətə sərf etmək idi. Lakin Vətən müharibəsi başlayanda Anar tərəddüd etmədən cəbhəyə yollandı və ömrünün ən böyük seçimini etdi – Vətəni.
O, döyüşlərdə böyük şücaət göstərərək Ağdam və Suqovuşan istiqamətlərində gedən əməliyyatlarda iştirak etdi. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edildi.
Anarın həyat hekayəsinin ən təsirli məqamlarından biri isə diplomu ilə bağlıdır. O, ali məktəbi fərqlənmə ilə başa vursa da, həmin diplomu almaq ona qismət olmadı. Şəhid olduğu gün universitetdən diplomunun hazır olduğu xəbəri gəldi. Bu xəbər sevinc yox, böyük bir kədərin simvoluna çevrildi.
Bir neçə gün sonra universitetin müəllimləri və tələbə yoldaşları Anarın fərqlənmə diplomunu onun özünə deyil, məzarına apardılar. Gənc məzunun illərlə zəhmət çəkərək qazandığı diplom məzarı üzərinə qoyuldu. Həmin an təkcə bir ailənin deyil, bütün Azərbaycanın yaddaşına həkk olunan səhnələrdən birinə çevrildi.
Anar Qarayevin taleyi göstərir ki, Vətən uğrunda canından keçən igidlər təkcə silah tutan əsgərlər deyildilər. Onlar elmə, biliyə, gələcəyə inanan, böyük arzular quran gənclər idi. Onların hər biri müxtəlif peşələrdə ölkənin inkişafına töhfə verə bilərdi. Lakin tarix onları başqa bir missiya üçün seçdi – Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün canlarını fəda etmək.
Sabah Anar Qarayevin doğum günündə onun adını ehtiramla anmaq, xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Çünki bəzi diplomlar sahibinin əlində deyil, məzarı üzərində tarixə çevrilir. Anarın fərqlənmə diplomu da təkcə bir təhsil sənədi deyil, yarımçıq qalan arzuların, Vətən sevgisinin və əbədi qəhrəmanlığın rəmzidir.
Ruhu şad olsun!
Qeyd: Məqalədə jurnalist Anar Tağıyevin sosial mediada yazdığı məlumatdan istifadə edilib.