Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən son iclasda hökm elan olunub.
Məhkəmə onların iş adamı Qurban Piriyevə qarşı əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etdiyini, zərərçəkmişin yarım milyon manat pulunu və 34 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiyini sübuta yetirilmiş hesab edib. Bildirilib ki, dəymiş ziyanın böyük hissəsi hələ də ödənilməyib.
Hökmə əsasən, Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzə-Zadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə 9 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər hökm elan olunduqdan sonra məhkəmə zalında həbs olunublar.
İttihama görə, onlar Qurban Piriyevi rayonlardan birinə icra başçısı təyin etdirəcəkləri vədi ilə aldadaraq külli miqdarda pul və qiymətli əşyalarını ələ keçiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.