AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafına həsr olunmuş tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 23:56

    Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafına həsr olunmuş tədbir keçirilib - FOTOLAR



    Bakı, 17 iyun — Azadmedia.az

    Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafına həsr olunmuş tədbir keçirilib.

    17 iyun 2026-cı il tarixində Bakı şəhərində “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

    Tədbirin əsas məqsədi Azərbaycanın unikal təbii sərvətlərindən olan palçıq vulkanlarının elmi, ekoloji və turizm əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi, təbiət abidələrinin qorunması və ekoturizmin inkişaf perspektivlərinin müzakirəsi olub.

    Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanın zəngin təbii irsinin qorunması və gələcək nəsillərə çatdırılması ekoloji maarifləndirmənin əsas istiqamətlərindəndir.

    Daha sonra Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dissertantı Tahir Yunuslu palçıq vulkanları haqqında geniş təqdimatla çıxış edib. O, Azərbaycanda yerləşən palçıq vulkanlarının dünya miqyasında mühüm əhəmiyyət daşıdığını vurğulayaraq onların geoloji xüsusiyyətləri və elmi dəyəri barədə məlumat verib.

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Palçıq Vulkanları Qoruğunun rəisi Ceyhun Paşayev çıxışında palçıq vulkanlarının ekoloji və elmi əhəmiyyətindən bəhs edib, onların mühafizəsinin və davamlı istifadəsinin vacibliyini diqqətə çatdırıb.

    Kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov palçıq vulkanlarının kimyəvi və fiziki xüsusiyyətləri haqqında ətraflı məlumat verərək bu təbiət hadisələrinin elmi tədqiqatlar baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

    Turizm sahəsinin nümayəndəsi Aynur Həsənova isə palçıq vulkanlarının ekoturizm potensialından danışaraq bu istiqamətdə yeni turizm marşrutlarının yaradılması, beynəlxalq turistlərin cəlb olunması və təbliğat işlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

    Tədbirdə iştirak edən polkovnik Əzizağa Qənizadə çıxışında Azərbaycanın təbii sərvətlərinin, xüsusilə də palçıq vulkanları kimi nadir təbiət abidələrinin qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.

    Tədbirdə çıxış edən ictimai xadim və yazar Aydınxan Əbilov palçıq vulkanlarının Azərbaycanın təbii sərvətləri arasında xüsusi yer tutduğunu vurğulayaraq onların beynəlxalq səviyyədə daha geniş tanıdılmasının vacibliyini qeyd edib. O, palçıq vulkanları ətrafında xüsusi ekoturizm marşrutlarının yaradılması, məktəblilər və tələbələr üçün maarifləndirici ekskursiyaların təşkili, həmçinin bu unikal təbiət abidələrinin beynəlxalq informasiya platformalarında daha fəal təbliğ olunması ilə bağlı bir sıra təkliflər səsləndirib.

    Tədbirdə iştirak edən jurnalist və televiziya aparıcısı Könül Həbibqızı da çıxış edərək Azərbaycanın təbii irsinin tanıdılmasında medianın rolundan danışıb. O bildirib ki, palçıq vulkanları kimi nadir təbiət abidələrinin televiziya, rəqəmsal media və sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya təqdim olunması həm ekoloji maarifləndirməyə, həm də ölkənin turizm potensialının təşviqinə xidmət edir.

    Tədbirdə Turizm Agentliyinin İdarə Heyətinin üzvü Əziz Şiriyev, turizm eksperti Rauf Zeyni, ictimai xadim və yazar Aydınxan Əbilov, jurnalist və Dünya televiziyasının baş aparıcısı Könül Həbibqızı, ATUİAB şirkətinin direktoru Ruslan İmanzadə, QHT sədri Zamin Zeynalov, ekoloq Sevil İsayeva, Anadolu ASİAD və FİJET (World Federation of Travel Journalists and Writers) Azərbaycan təşkilatının sədri Ülkər Piriyeva və digər qonaqlar iştirak ediblər.

    Müzakirələr zamanı iştirakçılar palçıq vulkanlarının qorunması, onların ekoturizm məhsulu kimi inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbedici marşrutların hazırlanması, eləcə də beynəlxalq səviyyədə tanıdılması ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

    Tədbirin sonunda iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, layihənin əhəmiyyəti vurğulanıb və xatirə fotosu çəkdirilib.

    Qeyd edək ki, layihə Azərbaycanın zəngin təbii irsinin təbliği, ekoloji dəyərlərin qorunması və ekoturizmin inkişafına töhfə vermək məqsədilə həyata keçirilir.


    Beynəlxalq Jurnalist
    Ülkər Piriyeva






















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR