Azərbaycana gələn turistlərin sayı azaldı
2026-cı ilin yanvar-may aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 871,7 min nəfər təşkil edib.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, ölkəyə gələnlərin 27,2 faizi Rusiyadan, 22 faizi Türkiyədən, 8,4 faizi İrandan, 5 faizi Gürcüstandan, 4,5 faizi isə Qazaxıstandan olub. Sonrakı yerlərdə Özbəkistan, Hindistan, Pakistan, Çin, İsrail, Səudiyyə Ərəbistanı, Ukrayna, Türkmənistan, Almaniya və Böyük Britaniya qərarlaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 13,3 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 3 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalıb. Digər ölkələrdən gələnlərin sayı da 16,2 faiz geriləyib.
Azərbaycana gələn xarici vətəndaşların 70 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 6,3 faiz azalaraq 756,6 min nəfər olub. Səfərlərin 40,7 faizi Türkiyəyə, 17,3 faizi Rusiyaya, 11,2 faizi Gürcüstana, 7,1 faizi İrana, 23,7 faizi isə digər ölkələrə edilib.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatına üstünlük verib.