AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-lərə dövlət dəstəyi dəyişir: yeni "bir pəncərə" sistemi təsdiqləndi

  • + A
  • - A
  • Bu gün, 18:35

    QHT-lərə dövlət dəstəyi dəyişir: yeni "bir pəncərə" sistemi təsdiqləndi


    Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsi qaydalarında mühüm dəyişiklik edib. İyunun 22-də qəbul edilən yeni qərarla bundan sonra dövlət qurumlarının QHT-lərə ayırdığı qrantlar, dövlət sifarişləri, subsidiyalar və digər maliyyə dəstəyi "bir pəncərə" prinsipi əsasında həyata keçiriləcək.

    Yeni qaydalara əsasən, bu prosesin əsas əlaqələndiricisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olacaq. Dövlət qurumları QHT-lərin maliyyələşdirilməsi ilə bağlı bütün mərhələləri – müsabiqələrin elanından müqavilələrin bağlanmasına, sənəd dövriyyəsindən monitorinq və hesabatların qəbuluna qədər vahid elektron sistem üzərindən həyata keçirəcəklər.

    Sənədə görə, yalnız Azərbaycanda dövlət qeydiyyatından keçmiş QHT-lər dövlət maliyyəsi ala biləcək. Hər bir layihə əvvəlcə Agentlik tərəfindən ekspertizadan keçiriləcək, daha sonra isə müvafiq dövlət qurumu Agentliyin rəyini nəzərə alaraq maliyyələşdirmə barədə yekun qərar verəcək.

    Yeni mexanizm çərçivəsində üç növ qrant müsabiqəsi nəzərdə tutulur: kiçik qrant, böyük qrant və səfər qrantı. Kiçik qrant layihələrinin icra müddəti maksimum 18 ay, böyük qrant layihələrinin müddəti isə 36 ay olacaq. Səfər qrantları isə Azərbaycanın milli maraqlarının xaricdə müdafiəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən, maksimum iki ay davam edən layihələri əhatə edəcək.

    Qaydalarda diqqət çəkən məqamlardan biri də QHT-lərin fəaliyyət tarixçəsinə dair tələblərdir. Kiçik qrant almaq istəyən təşkilatın son üç ildə fəaliyyəti barədə ən azı 10, böyük qrant üçün müraciət edən QHT-nin isə son beş ildə ən azı 30 müxtəlif məzmunlu media materialı dərc olunmalıdır. Bundan əlavə, təşkilatın əvvəlki qrant öhdəliklərini tam yerinə yetirməsi və layihəni icra etmək üçün kifayət qədər peşəkar komandaya malik olması da əsas şərtlər sırasındadır.

    Yeni sistemin əsas məqsədi dövlət vəsaitlərinin ayrılması prosesində şəffaflığı artırmaq, təkrarlanan maliyyələşdirmənin qarşısını almaq, dövlət qurumları arasında koordinasiyanı gücləndirmək və QHT layihələrinin daha səmərəli qiymətləndirilməsini təmin etməkdir.

    QHT Agentliyi donor qurumların fəaliyyətini izləyəcək, prosesi təhlil edəcək və ildə azı bir dəfə Azərbaycan Prezidentinə görülən işlər barədə hesabat təqdim edəcək. Yeni qaydaların dövlət dəstəyinin daha mərkəzləşdirilmiş və vahid mexanizm əsasında həyata keçirilməsinə xidmət edəcəyi gözlənilir.
    https://www.facebook.com/share/1Gmo4Rny96/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR