“
Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində növbəti dəyirmi masa tədbirini Sumqayıt şəhərinin Şəhid Anar Şükürov adına 25 saylı tam orta məktəbində təşkil edib.
Tədbiri “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və may ayından icrasına başlanılan “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin məqsəd və vəzifələri barədə məlumat verdi. O qeyd etdi ki, ailə cəmiyyətin əsas sütunlarından biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Sağlam ailə münasibətlərinin formalaşdırılması, ailədaxili qarşılıqlı hörmət və məsuliyyət hissinin gücləndirilməsi cəmiyyətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Ağanənə Seyidqızı vurğuladı ki, təşkilat bundan sonra da fəaliyyətində sağlam ailə modelinin təşviqinə və ailə institutunun möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcəkdir.
Daha sonra söz Sumqayıt 1 saylı Mediasiya Təşkilatının direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Etibar Həsənova verildi. Etibar Həsənov tədbiri proqram üzrə idarə edərək iştirakçılarla geniş fikir mübadiləsi apardı. O, ailə münasibətlərində yaranan problemlərin səbəbləri, onların ailə üzvlərinə təsiri və münaqişələrin hüquqi və sivil üsullarla həlli yolları barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində milli ailə dəyərləri, ailədaxili ünsiyyət mədəniyyəti, ailə üzvlərinin hüquq və vəzifələri, valideyn məsuliyyəti, məişət zorakılığının qarşısının alınması, ailədaxili münaqişələrin və boşanmaların səbəbləri, eləcə də onların aradan qaldırılması yolları ətrafında geniş müzakirələr aparıldı. Dəyirmi masa qarşılıqlı dialoq və fəal müzakirələr şəraitində keçdi. Məktəbin müəllimləri və texniki işçiləri mövzu ilə bağlı fikir və təkliflərini bölüşərək müzakirələrdə aktiv iştirak etdilər, onları maraqlandıran suallar ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı mediasiyanın ailə münasibətlərinin tənzimlənməsində mühüm rol oynadığı, ailədaxili münaqişələrin məhkəməyə çatdırılmadan qarşılıqlı razılıq və anlaşma yolu ilə həllinin mümkünlüyü xüsusi vurğulandı. Eyni zamanda hüquqi maarifləndirmənin artırılmasının, ailə üzvlərinin hüquq və məsuliyyətləri barədə məlumatlılığının yüksəldilməsinin ailə institutunun qorunmasında vacib amillərdən biri olduğu qeyd edilib.
Tədbir iştirakçıları belə maarifləndirici görüşlərin cəmiyyət üçün olduqca faydalı olduğunu bildirərək, ailə dəyərlərinin təbliği istiqamətində aparılan işləri yüksək qiymətləndirdilər. Onlar bu cür layihələrin ailə institutunun möhkəmləndirilməsinə, sağlam sosial münasibətlərin formalaşmasına və cəmiyyətdə qarşılıqlı hörmət mühitinin güclənməsinə mühüm töhfə verdiyini vurğuladılar. Eyni zamanda gələcəkdə də bu istiqamətdə davamlı tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olunub.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış maarifləndirici paylama materialları təqdim olunub.
Qeyd edək ki, “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin əsas məqsədi milli ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərdə sağlam ünsiyyət mədəniyyətinin təşviqi, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə sağlam ailə modelinin möhkəmləndirilməsinə dəstək verməkdir.
Fotolar