AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AQTA iddialara aydınlıq gətirdi: Ətin üzərindəki baytarlıq möhürü sağlamlıq üçün təhlükəlidirmi?

  • + A
  • - A
  • Bu gün, 12:46

    AQTA iddialara aydınlıq gətirdi: Ətin üzərindəki baytarlıq möhürü sağlamlıq üçün təhlükəlidirmi?

    Son günlər sosial şəbəkələrdə ət məhsullarının üzərində vurulan baytarlıq möhürlərində istifadə olunan boyanın sağlamlıq üçün təhlükə yaratdığı ilə bağlı müzakirələr aparılır. Mövzu ekspert Sahib Məmmədovun sosial media hesabında paylaşdığı fikirlərdən sonra ictimai marağa səbəb olub.

    Ekspert paylaşımında bildirib ki, müxtəlif rayonlarda ona təqdim edilən məlumatlara əsasən, bəzi hallarda ətin üzərinə vurulan möhür üçün kimyəvi tərkibli mürəkkəbdən istifadə edildiyi iddia olunur. Onun sözlərinə görə, bu boya ətin üzərindən asanlıqla təmizlənmir, hətta qaynadılarkən suyun göy rəng alması müşahidə edildiyi deyilir. Ekspert hesab edir ki, baytarlıq möhürləri üçün yalnız qida ilə təmasda istifadəsi təhlükəsiz olan xüsusi orqanik tərkibli boyalardan istifadə edilməlidir və bu barədə ictimaiyyətə ətraflı məlumat verilməsi faydalı olardı.

    Məsələ ilə bağlı Azadmedia.az tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi sorğu ünvanlanıb.

    AQTA-nın sorğuya cavabında bildirilib ki, beynəlxalq baytarlıq təcrübəsində, o cümlədən Avropa ölkələrində ətin markalanması üçün adi çap, poliqrafiya və ya ofis möhür mürəkkəblərindən istifadə edilmir. Bunun əvəzinə qida məhsullarının markalanması üçün xüsusi təyinatlı, qida təhlükəsizliyi tələblərinə cavab verən boyalardan istifadə olunur.

    Agentlik vurğulayıb ki, Azərbaycanda da eyni yanaşma tətbiq edilir və istifadə olunan markalama boyaları istehlakçılar üçün hər hansı əlavə sağlamlıq riski yaratmır.

    AQTA-nın açıqlamasında qeyd olunur ki, baytarlıq möhürünün əsas məqsədi ətin baytarlıq-sanitariya ekspertizasından keçdiyini, insan istehlakı üçün yararlı hesab edildiyini və məhsulun rəsmi nəzarət prosedurlarından keçdiyini təsdiqləməkdir.

    Agentlik sosial şəbəkələrdə səsləndirilən narahatlıqlara cavab olaraq bəyan edib ki, Azərbaycanda ət məhsullarının markalanması qida təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir və möhür üçün istifadə olunan boyalar sağlamlıq üçün təhlükə daşımır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR