Nazim Eynallı
AAYDA 19 saylı Xüsusi Təyinatlı Yol İstismari MMC-nin rəhbəri26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi ən əlamətdar tarixlərdən biridir. Bu gün təkcə ordumuzun yaranma günü deyil, həm də dövlətimizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin rəmzidir.
Azərbaycan milli ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qoyulub. Həmin tarixdə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə milli hərbi qüvvələrin formalaşdırılmasına başlanılıb. Sonralar müstəqilliyini bərpa edən Azərbaycan bu tarixi yaşadaraq 26 İyun tarixini Silahlı Qüvvələr Günü kimi təsis edib.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü və müasir ordularından biri hesab olunur. Son illər ərzində ordumuzun maddi-texniki bazası gücləndirilib, ən müasir silah və hərbi texnikalar arsenalımıza daxil edilib, şəxsi heyətin peşəkarlığı artırılıb. Müasir döyüş qabiliyyəti, yüksək hazırlıq səviyyəsi və güclü komandanlıq sistemi Azərbaycan Ordusunu ölkəmizin əsas təhlükəsizlik təminatçısına çevirib.
Azərbaycan Ordusunun gücü xüsusilə 2020-ci ildə Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Cəmi 44 gün ərzində əldə edilən tarixi Zəfər ordumuzun peşəkarlığını, qəhrəmanlığını və yüksək döyüş ruhunu ortaya qoydu. Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad edərək xalqımızın çoxillik həsrətinə son qoydu.
Bu gün Azərbaycan əsgəri yalnız ölkə sərhədlərinin keşiyində dayanmır, həm də xalqın qürur mənbəyi kimi dövlətçiliyimizin ən etibarlı dayaqlarından biri hesab olunur. Ordumuzun gücü müasir silahlarla yanaşı, vətənpərvər zabit və əsgərlərin sarsılmaz iradəsində, xalq ilə ordu birliyində özünü göstərir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və veteranlarımızı təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq. Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Ordusu isə bu gün ölkəmizin qüdrətinin, xalqımızın qürurunun və dövlətimizin təhlükəsiz gələcəyinin ən böyük təminatçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.