Azərbaycan mədəniyyət tarixində silinməz iz qoymuş görkəmli sənətkar Leyla Bədirbəylinin ailəsində yaşanan böyük faciələrdən biri də qızı Lalə Cavanşirovanın vaxtsız ölümü olub. Bu barədə araşdırma aparan Prof. Dr. Zaur Əliyev maraqlı faktları ictimaiyyətlə bölüşüb.
1947-ci ildə anadan olan Lalə Cavanşirova rəsmi sənədlərdə Lalə Aslanova kimi qeydə alınsa da, tarixi nəslinə görə daha çox Lalə Cavanşirova kimi tanınıb.
Anası kimi incəsənətə erkən yaşlarından maraq göstərən Lalə xanım peşəkar rəqqasə kimi fəaliyyət göstərib, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvü olub. Maraqlıdır ki, Leyla Bədirbəylinin də sənət yolu məhz rəqs ansamblından başlamışdı.
Lalə Cavanşirova ansamblın tərkibində keçmiş SSRİ respublikalarında və müxtəlif beynəlxalq səhnələrdə çıxış edərək Azərbaycan milli rəqslərinin və mədəniyyətinin təbliğinə töhfə verib. O, məşhur ailənin övladı olmasına baxmayaraq, heç vaxt bu adın yaratdığı imkanlardan istifadə etməyə çalışmayıb. Əksinə, öz istedadı və zəhməti ilə tanınmağı üstün tutub.
Lakin onun ömrü çox erkən və faciəli şəkildə yarımçıq qalıb. Lalə xanım Bakının mərkəzində, Kukla Teatrının qarşısında yolu keçərkən yüksək sürətlə hərəkət edən avtomobilin vurması nəticəsində hadisə yerində həyatını itirib.
Həmin dövrdə bu faciə mətbuatda geniş araşdırılmayıb. O illərdə sovet mətbuatının əsas diqqəti siyasi mövzulara yönəldiyindən, belə bir tanınmış nəslin nümayəndəsinin faciəli ölümü cəmiyyətə geniş şəkildə çatdırılmayıb. Yalnız dövlət qəzetlərində başsağlığı mətnləri dərc olunub.
Qızının ölümündən bir müddət əvvəl həyat yoldaşını da itirən böyük sənətkar Leyla Bədirbəyli ard-arda yaşadığı bu ağır itkilərdən sonra qapalı həyat sürməyə başlayıb. Yaxınlarının xatirələrinə görə, Leyla xanım qızını sonsuz məhəbbətlə sevirdi və onun hər uğuru ilə qürur duyurdu. Məhz buna görə də Lalə xanımın qəfil və faciəli ölümü sənətkarın həm yaradıcılığına, həm də həyatına ağır təsir göstərən ən böyük zərbələrdən biri oldu.
Leyla Bədirbəyli və Lalə Cavanşirova Azərbaycan mədəniyyət tarixində iz qoymuş böyük nəslin nümayəndələri kimi bu gün də ehtiramla xatırlanırlar.
Qeyd: Prof. Dr. Zaur Əliyevin bildirdiyinə görə, mövzu ilə bağlı araşdırma zamanı istifadə olunan bir neçə mənbədə paylaşılmış fotonun Lalə Cavanşirovaya aid olduğu qeyd edilsə də, onun başqa fotoşəklini əldə etmək mümkün olmayıb.