Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahəsinin özəlləşdirilməsi vədi ilə törədilən dələduzluq məhkəmə hökmü ilə yekunlaşıb. Hadisə nəticəsində iş adamı 31 min manat ziyana düşüb.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən Emil Səmədov və Rövşən Abasov zərərçəkmiş Elşən Quliyevə Binəqədi rayonunun Biləcəri qəsəbəsində, SOCAR-ın balansında olan 12 sot torpaq sahəsini onun adına özəlləşdirə biləcəklərini vəd ediblər. Bu məqsədlə onlar Elşən Quliyevdən 31 min manat pul alıblar.
İstintaq zamanı Emil Səmədov özünü qismən təqsirli bilib. O, Elşən Quliyevlə Rövşən Abasov vasitəsilə tanış olduğunu, SOCAR-da yüksək vəzifəli tanışlarının köməyi ilə məsələni həll edə biləcəyini düşündüyünü bildirib. Emil ifadəsində aldığı 31 min manatın 1000 manatını Rövşən Abasova verdiyini, qalan vəsaiti isə şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.
Rövşən Abasov isə özünü təqsirli hesab etməyib. Onun sözlərinə görə, Emil Səmədovun həqiqətən də SOCAR-da nüfuzlu tanışları olduğuna inanıb. Hətta Emil zərərçəkmişə sənədləşmə işləri üçün onu SOCAR-a çağıracaqlarını da bildirib.
Məhkəmədə ifadə verən Elşən Quliyev bildirib ki, Rövşən Abasov özünü SOCAR prezidenti Rövşən Nəcəfin qohumu kimi təqdim edib. Zərərçəkmiş məhz buna görə onun dediklərinə inanaraq pulu ödədiyini deyib. Rövşən Abasov isə doğrudan da Rövşən Nəcəfin qohumu olduğunu, lakin SOCAR rəhbərinin bu hadisəyə heç bir aidiyyətinin olmadığını vurğulayıb.
İstintaq dövründə Rövşən Abasov aldığı 1000 manatı zərərçəkmişə qaytarıb. Emil Səmədov isə 30 min manatdan cəmi 8 min manatını geri ödəyə bilib.
Məhkəmənin hökmü ilə hər iki şəxs külli miqdarda dələduzluqda təqsirli bilinib. Emil Səmədov 2 il müddətinə azadlıqdan məhrum edilib, Rövşən Abasov isə 5 min manat məbləğində cərimə cəzasına məhkum olunub. Məqalədə Qafqazinfo-nun yaydığı xəbərdən istifadə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.